Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vaxtı barədə danışmağı tez hesab edir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlaması zamanı danışıb.
“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün, lakin nəzərə alsaq ki, Qarabağın məxsusluğu məsələsi həll olunub, onda demək olar ki, mühüm irəliləyiş əldə olunub”, - Kremlin sözçüsü bildirib.
Peskov deyib ki, bu razılaşma üzərində işin yekunlaşmasına qədər çoxlu texniki məsələlər qalıb:
“Ancaq bunun üçün bütün ilkin şərtlər mövcuddur və yaxşı niyyət olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.
Peskov Ermənistan və Azərbaycan arasında sülh müqaviləsindən söhbət getdiyinə diqqət çəkib və bildirib ki, Rusiya bu prosesdə birbaşa iştirak edə bilməz:
“Ancaq bu söhbətə girmək üçün əsas 2021-2022-ci illər üçtərəfli sənədləri ilə yaradılıb. Təbii ki, burada Rusiyanın müəyyən rolu var, olmalıdır, çünki bu və ya digər şəkildə Rusiya qarant rolunda çıxış edir”.