
İran Azərbaycan və Ermənistana, eləcə də bu ölkələrdən İslam Respublikasına uçuşlara qadağanı aradan qaldırıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü ISNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
"Regiondakı xüsusi vəziyyətlə bağlı xəbərlər gələndə biz uçuşlara qadağa qoyduq. Bu gün vəziyyətin normallaşması ilə bağlı xəbərlər gəldi, buna görə də, uçuşların bərpa edilməsinə icazə verdik", - təşkilat nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Bəxş çərşənbə axşamı regiondakı xüsusi vəziyyətlə əlaqədar İran və Ermənistan, eləcə də İran və Azərbaycan Respublikası arasında bütün uçuşların ləğv edildiyini bildirmiş, uçuş heyətlərinə uçuşların qadağan olunması ilə bağlı NOTAM göndərildiyini bəyan etmişdi.