
"Rusiya Qarabağdakı sülhməramlıların fəaliyyətinə görə qınaqları qəbul etmir, bu ittihamlar əsassızdır".
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizə qarşı bu cür ittihamlar tamamilə əsassızdır. Onlar heç nəyə əsaslanmır. Buna baxmayaraq, biz erməni tərəfi ilə əlaqələrimizi davam etdiririk. Ermənistan bizim çox mühüm müttəfiqimiz, tərəfdaşımız, bizə yaxın ölkə olub və qalır. Biz də təmaslarımızı davam etdiririk. Biz Azərbaycanla da təmaslarımızı davam etdiririk, hansı ki, bizim çox mühüm tərəfdaşlarımızdır. Bizim Qarabağdakı ermənilərlə də təmaslarımız mütəmadi olaraq davam edir”, - o, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya sülhməramlılarının öz vəzifələrini yerinə yetirməməsi barədə sözlərini şərh edərkən deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, hazırda de-yure söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir, ona görə də Rusiya Federasiyası ona qarşı ittihamları əsassız hesab edir:
“Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Hazırda bütün bunlar bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişib. De-yure indi söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir”.
Peskov, həmçinin Moskvanın regionda yaranmış böhranın həlli ilə bağlı üçtərəfli razılaşmalara arxalandığını da bildirib.