
“Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın və onun rejiminin səmərəsiz strategiyasıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə yazıb.
“Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk”, - o bildirib.
H. Hacıyev qeyd edib ki, həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir:
“Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona”da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır”.