Bayramov ABŞ və Rusiya rəsmiləri ilə Ermənistanla normallaşmanı müzakirə etdi


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, C.Bayramov Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb:
“Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.
Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunmasının vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərdiyi bildirilib.
Xüsusilə Ermənistan tərəfindən ölkəmizə qarşı siyasi və hərbi təxribatların artdığı bir şəraitdə bu kimi addımların beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

​​​​​​​
Ceyhun Bayramov, həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefonda danışıb.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.
Qeyd olunub ki, C.Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb:
“Bölgədə guya “çətin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil, siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib.
Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb.
Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

DİGƏR XƏBƏRLƏR

Top