Erməni futbolçular Azərbaycan dövlətinə təşəkkür ediblər – Yenilənib


İnzibati həbs müddəti başa çatmış 3 erməniəsilli futbolçu azadlığa buraxılıb.
Bu barədə Yeniavaz.com-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 nəfər erməni əsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

***16:25
Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq inzibati qaydada həbs edilən erməni futbolçular - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan qarşı tərəfə təhvil verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Onların Bakı vaxtı ilə saat 15:30-da Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsindən Ermənistan tərəfinə təhvil verildiyi bildirilir.
Xatırladaq ki, futbolçular Azərbaycan bayrağını təhqir edərək bunu əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıblar. Həmin vaxt onlar barəsində cinayət işi başlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
Qeyd edək ki, bu gün - sentyabrın 7-si onların 10 günlük həbs müddəti başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top