
Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi ilə Ali Rada Rüstəm Umerovun müdafiə naziri təyin edilməsinə səs verib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.
"Parlament Rüstəm Umerovu Ukraynanın müdafiə naziri təyin etdi. 338 səs lehinə oldu. Bütün fraksiyalar onu dəstəklədi", - o, Teleqram kanalında yazıb.
Umerov Zelenskinin rəhbərliyi altında dördüncü müdafiə naziri olub.
Xatırladaq ki, sentyabrın 3-də Zelenski Aleksey Reznikovun yerinə Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi qərarını açıqlamış, çərşənbə axşamı Rada Reznikovun istefasına, eləcə də Umerovun əvvəlki vəzifəsindən azad edilməsinə səs vermişdi.
Rüstəm Umerov kimdir?
Hazırda Dövlət Əmlak Fonduna rəhbərlik edir. O, Krım tatar əsillidir. Özbəkistanda anadan olub. Sonra Krımda yaşayıb. O, siyasətə gəlməmişdən əvvəl iş adamı, investor, xeyriyyəçi, eyni zamanda Krım tatar xalqının lideri Mustafa Cəmilevin müşaviri olub.
R. Umerov Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb. Əlavə təlim və mübadilə proqramlarında iştirak edib.
Umerov əmək fəaliyyətinə 2004-cü ildə telekommunikasiya şirkətində başlayıb, müxtəlif rəhbər vəzifələrdə çalışıb. Daha sonra 2013-cü ildə ASTEM investisiya şirkəti və ASTEM Fondu adlı xeyriyyə fondunu təsis edib.
2022-ci ilin sentyabrında Dövlət Əmlak Fonduna üzv olana qədər, 2019-cu ilin avqustundan “Səs” fraksiyasından deputat olub. Həm də İnsan Hüquqları, Müvəqqəti İşğal olunmuş Ərazilərin işğaldan azad edilməsi və reinteqrasiyası komitəsinin katibi vəzifələrini icra edib. Umerovun xalq deputatı ikən ən çox qaldırdığı məsələ Krımın ilhaqı ilə bağlı olub.
Ali Radada o, beynəlxalq maddi-texniki yardımın qəbulu və istifadəsinə nəzarət üzrə Müvəqqəti Xüsusi Komissiyaya rəhbərlik edib. Həm də “Krım Platforması” deputatlar birliyinin həmsədri və Ukraynanın Rusiya Federasiyası ilə danışıqlar qrupunun üzvüdür.
2021-ci ildə Umerov III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilib.
Tətbiqimizi yükləyə bilərsiniz