
Avropa İnsan Haqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq 45 gündür həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun işinə dərhal baxılması haqda qərar verib və Azərbaycan hökumətinə suallar göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun qardaşı Qalib Toğrul öz sosial şəbəkə hesabında məlumat verib.
“İşə dərhal baxılmasının səbəbi qardaşımın səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsi ilə bağlıdır”.
Qeyd edək ki, Məhkəmənin 39-cu qaydası müstəsna hallarda tətbiq olunur.
“Məhkəmə üzv dövlətə yalnız bütün müvafiq məlumatları nəzərdən keçirərək, ərizəçinin əvəzi bərpa olunmayan zərərin qaçılmaz riski ilə üzləşəcəyini hesab etdikdə belə tədbiri tətbiq etməyə istiqamətləndirir”, - deyə Avropa İnsan Haqları Məhkəməsinin 39-cu qaydasında qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.