
Ukrayna Prezidenti Volodimir Zelenski ötən axşam yaydığı müraciətdə bu həftə parlamentə kadr qərarının qəbulu ilə bağlı təkliflər veriləcəyini açıqlayıb.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, söhbət müdafiə nazirindən gedir.
“Oleksiy Reznikov 550 gündən çox genişmiqyaslı müharibə keçirdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, indi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir.
“Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm. Payız güclənmə vaxtıdır”, - Zelenski bildirib.

Rüstəm Umerov kimdir?
Hazırda Dövlət Əmlak Fonduna rəhbərlik edir. O, Krım tatar əsillidir. Özbəkistanda anadan olub. Sonra Krımda yaşayıb. O, siyasətə gəlməmişdən əvvəl iş adamı, investor, xeyriyyəçi, eyni zamanda Krım tatar xalqının lideri Mustafa Cəmilevin müşaviri olub.
R. Umerov Milli İdarəetmə Akademiyasında iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb. Əlavə təlim və mübadilə proqramlarında iştirak edib.
Umerov əmək fəaliyyətinə 2004-cü ildə telekommunikasiya şirkətində başlayıb, müxtəlif rəhbər vəzifələrdə çalışıb. Daha sonra 2013-cü ildə ASTEM investisiya şirkəti və ASTEM Fondu adlı xeyriyyə fondunu təsis edib.
2022-ci ilin sentyabrında Dövlət Əmlak Fonduna üzv olana qədər, 2019-cu ilin avqustundan “Səs” fraksiyasından deputat olub. Həm də İnsan Hüquqları, Müvəqqəti İşğal olunmuş Ərazilərin işğaldan azad edilməsi və reinteqrasiyası komitəsinin katibi vəzifələrini icra edib. Umerovun xalq deputatı ikən ən çox qaldırdığı məsələ Krımın ilhaqı ilə bağlı olub.
Ali Radada o, beynəlxalq maddi-texniki yardımın qəbulu və istifadəsinə nəzarət üzrə Müvəqqəti Xüsusi Komissiyaya rəhbərlik edib. Həm də “Krım Platforması” deputatlar birliyinin həmsədri və Ukraynanın Rusiya Federasiyası ilə danışıqlar qrupunun üzvüdür.
2021-ci ildə Umerov III dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilib.