
Ədliyyə Nazirliyi AĞ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasını (VHP) qeydiyyata alıb.
Yeniavaz.com xəbər verir ki, AĞ Partiya sədri Tural Abbaslı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
““Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdiyimiz məktuba bu gün səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib. Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılmış və bu proses yekunlaşaraq partiyamız qeydə alınmışdır”, - o bildirib.
VHP-nin qeydiyyata alınması ilə bağlı isə, partiyanın sədr müavini Samir Əsədli məlumat yayıb.
O bildirib ki, növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantı Ədliyyə Nazirliyinə təqdim olunacaq.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən partiyalar qarşısında 5000 nəfər qeydiyyat üzvü tələbi qoyulub. Rəsmi məlumata görə, indiyədək 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Daha əvvəl sözügedən partiyalar da daxil olmaqla, əksər partiyalar qeydiyyata alınmamış, qüsurların aradan qaldırılması üçün onlara vaxt verilmişdi.