Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına yekun vurulub. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışda final qarşılaşmaları ilə həm qadın, həm də kişilər arasında çempionlar bəlli olub.
Yeniavaz.com xəbər verir ki, Su İdmanı Sarayında keçirilən yarışın sonuncu gününə üçüncülük oyunları ilə start verilib.
Qadınların yarışında Nərmin Musayeva/Çinarə Quliyeva cütü, kişilərin mübarizəsində Asif Əliyev/Heydər Məmmədli cütü bürünc medallara sahib çıxıblar.
Daha sonra final oyunları baş tutub. İlk olaraq qadınların həlledici matçı keçirilib. Bu görüşdə Larisa Smeltsova/Fidan Əhmədxanova cütü Leyla Parşkova/Fidan Fərzullayeva cütünə 2:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Bu qarşılaşmanın ardından kişi voleybolçular çempionu müəyyən etmək üçün qum üzərinə çıxıblar. Gərgin mübarizədə keçən bu matçda Vüqar Bayramov/Ülvi Rəcəbli cütünü 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov/Elmin Alışanov cütü qızıl medala sahib çıxıb.
Beləliklə, qadınların yarışında Larisa Smeltsova/Fidan Əhmədxanova cütü qızıl, Parşkova/Fidan Fərzullayeva cütü gümüş və Nərmin Musayeva/Çinarə Quliyeva isə bürünc medal qazanıb. Kişilərin mübarizəsində isə Vadim Kutukov/Elmin Alışanov 1-ci, Vüqar Bayramov/Ülvi Rəcəbli 2-ci, Asif Əliyev/Heydər Məmmədli 3-cü yeri tutublar.
Oyunlardan sonra çempionatın mükafatlandırma və rəsmi bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov və AVF-nin prezidenti Şahin Bağırov təqdim ediblər.