Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunun Xocasən qəsəbə Cümə məscidinin axundu Telman Əsədullayevin növbəti məhkəmə prosesi keçirilib.
Yeniavaz.com xəbər verir ki, Arzu Abdulla adlı şəxs sosial şəbəkə hesabında məhkəmə prosesinin təfərrüatı ilə bağlı məlumat dərc edib.
O bildirib ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Telman Əsədullayev ifadə verib.
“O deyib ki, 2023-cü il aprelin 5-də şəhid anasının yas mərasimində iştirak etdikdən sonra namaz qılmaq üçün məscidə yollanıb. Bu zaman onu Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə çağırıblar:
“Məni idarəyə çağırdılar. Dedim namazımı qılım, sonra gələcəm. Dedilər, gəl, namazını sonra qılarsan. Baxdım ki, polislər məscidin qabağında gözləyir. Məni apardılar İdarəyə. Orada Nizami adlı şəxs mənə dedi ki, deputatın güllələnməyindən xəbərin var da? Dedim ki, bəli, var.
Nizami dedi ki, sən şübhəli şəxs qismindəsən. Sənin üçün üç ittiham var: silah, narkotik, vətənə xəyanət. Bunlardan birini götürməlisən.
Mən dedim ki, bunların mənə adiyyəti yoxdur.
Dedi, əgər götürməsən, sənin başına elə oyunlar açaram. Nizami mənə elə sözlər dedi ki, mən burada onu deyə bilmərəm, ayıbdır””.
Arzu Abdulla bildirib ki, məhkəmə zalında Telman Əsədullayevin halı pisləşib, nəzarətçilər onu çölə çıxarıb, bir müddətdən sonra zala geri qaytarıblar:
“T. Əsədullayev ifadəsini davam etdirdi:
“Sonra seyfdən bir bükülü çıxartdılar. Nizami məndən bu bükülüdəkinin nə olduğunu soruşdu. Dedim, bilmirəm. Dedi ki, bu narkotik, sənin cibindən çıxıb, boynuna götürüb, bu ifadəyə imza atmasan...”
Axund cümləsini bitirə bilmədi, kövrəldi.
Məhkəmə Telman Əsədullayevdən axırıncı dəfə nə vaxt Qobu qəsəbəsində olduğunu soruşdu. O dedi ki, Qobuda axrınıcı dəfə, tutulmadan 6-7 ay əvvəl olub.
Hakim bildirdi ki, ifadədə Telmanın narkotiki aprel ayında Qobuda yolun kənarından aldığı qeyd edilib.
T. Əsədullayev dedi ki, İdarədə onu bu ifadəyə imza atmağa məcbur ediblər:
“Dedilər ki, əlimizdə bir sübut olmalıdır. Qobunu da inandırıcı olması üçün yazdırdılar.
Nizami mənə dedi ki, ifadədə yaz ki, bədənim ağrıyırdı, mənə dedilər, get narkotik çək, ağrıların gedəcək, mən də getdim, Qobuda yolun kənarında tanımadığım adamdan çəkmək məqsədi ilə 30 manata narkotik aldım. Bu ifadəyə imza atdıqdan sonra, bükülünü cibimə qoydular, mənə dedilər, video çəkəndə cibindən çıxart. Mən də çıxartdım”.
Məhkəmə Telman Əsədullayevə etmədiyinə nəyə görə imza atdığını soruşanda, o dedi ki, onu çox pis şəkildə təhqir edəcəkləri ilə təhdid ediblər:
“Nizami dedi, imza atmasan, 3 nəfəri çağırıb salaram üstünə...”.
Hakim soruşdu:
- Narkotiklə ittiham edilənlərin 90 faizini İranla əlaqələndirirlər. Sizin İranla əlaqəniz var?
- Xeyr, İranla heç bir əlaqəm yoxdur. Sonuncu dəfə 2018-ci ildə Məşhəd ziyarətinə getmişəm. Heç vaxt nə içki içmişəm, nə də siqaret çəkmişəm”.
Vəkili Telman Əsədullayeva bəraət istədi. Hakim bildirdi ki, hələ şahidlər dindirilməyib. Şahidlər dindirildikdən sonra bəraət məsələsinə baxmaq olar”.
Qeyd olunur ki, Telman Əsədullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham olunur.
Növbəti məhkəmə prosesi sentyabrın 26-a təyin edilib.