Atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatdı – Fotolar


Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatıb.
Yeniavaz.com xəbər verir ki, sonuncu yarış günündə kişilər arasında 50 metr məsafəyə tüfəngdən hərəkətdə olan hədəfə atəş açma növündə qaliblər müəyyənləşib.
586 xal toplayan Polşa atıcısı Lukas Çapla qızıl medalı bayram edib. Gümüş medal sevincini 583 xal toplayan ukraynalı İqor Kizima yaşayıb. Bürünc medal 582 xal yığan İsveç atleti Emil Martinssona təqdim olunub.
Bu növdə komanda yarışında Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.
Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya asta) atəş açma növündə qaliblərin adına aydınlıq gəlib.
393 xal toplayan İsveç atıcısı Yesper Niberq qızıl medalı qazanıb. Gümüş medal sevincini Yesperdən 1 xal az toplayan Emil Martinsson yaşayıb. Bürünc medal 391 xal yığan Finlandiya atleti Krister Holmberqə təqdim olunub.
Bu növdə komanda yarışında Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.
Mükafatlandırma mərasimindən sonra 101 ölkədən 1239 atıcının iştirak etdiyi mötəbər yarışın bağlanış mərasimi keçirilib.
Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Villi Qril və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov çıxış edərək dünya çempionatında iştirak edən, eləcə də yarışın keçirilməsində zəhməti keçən hər kəsə təşəkkür ediblər.
Beynəlxalq Atıcılıq Federasiyasının baş katibi Villi Qrill bağlanış mərasimindən sonra yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb:
“Mundial haqqında onu deyə bilərəm ki, Bakıdakı yarış zamanı 14 rekord qeydə alındı. Əvvəlki dünya çempionatlarında belə nəticə qeydə alınmamışdı. Eyni zamanda, gələn il Paris keçiriləcək Yay Olimpiya Oyunlarına 48 lisenziyanın verilməsi də nailiyyətdir. Açılış mərasimindən bağlanış mərasiminə kimi hər şey yüksək səviyyədə təşkil olundu. Azərbaycan dünya çempionatını elə səviyyəyə çatdırdı ki, inanmıram hansısa ölkə yenidən belə bir iş ortaya qoysun”.
Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov da mundialla bağlı təəssüratlarını bölüşüb:
“Azərbaycan bütün dünyaya göstərdi ki, mundial necə keçirmək lazımdır. Atıcılıq olimpiya idman növlərindən biridir. Burdakı yarışlar da digər idman növlərindəki kimi maraqlı olmalıdır. Biz də qeyd edə bilərik ki, yarış həqiqətən də yüksək səviyyədə keçirildi”.
Emin Cəfərov dünya çempionatında çıxış edən Azərbaycan milli komandasının çıxışına da toxunub:
“Komandamız bu yarışda 3 medal qazanıb. Nəzərə alsaq ki, biz sonuncu qızıl medalımızı 2001-ci ildə qazanmışdıq. Eyni zamanda bir dünya çempionatında 3 medal olmayıb. Ən yaxşı halda 2 medal olub. Bu yarışda isə 3 medal qazandıq. Cənubi Koreyada gənclər arasında keçirilən dünya çempionatında da 2 medal qazanmışdıq. Bu artıq il ərzində dünya çempionatlarında 5 medalın qazanılması deməkdir. Bu irəliləyişin göstəricisidir. Komandamız gəncləşib və artıq gənc idmançılarımız medallar uğrunda mübarizə aparmağa başlayıblar. Bu dünya çempionatındakı nəticəni süpriz hesab etmək olmaz. Digər növlərdə çıxış edən idmançılarımız da yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoloji idman növüdür. Çıxışları tam istədikləri kimi olmadı, amma ümumi nəticədən razıyıq”.
Qeyd edək ki, 17 gün davam edən dünya çempionatında nəzərdə tutulduğundan daha çox, 64 dəst medal qazanılıb. Yarışda ən çox medal sahibi Çin, ən çox qızıl medal sahibi isə Çin, Ukrayna və Hindistan komandaları olub.








DİGƏR XƏBƏRLƏR

Top