22-25 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Avstriya Respublikasına səfəri baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər zamanı F.Rzayev Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Astronavtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirlən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevirildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.
Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Astronavtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.