
““Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin ölüm faktının təsdiqi yalnız genetik də daxil olmaqla müayinələrin nəticələrinə əsasən mümkündür, lakin hələlik bunların heç biri yoxdur”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Priqojinin ölümünü rəsmi təsdiqləməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləsəniz, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr, hələlik, yoxdur”, – Peskov bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, eyni şey, Priqojinin təyyarəsinin qəzaya uğramasının səbəblərinə də aiddir.
Qeyd edək ki, çərşənbə günü axşam saatlarında Moskvadan Sankt-Peterburqa uçan “Embraer” biznes reaktiv təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə on nəfər olub, onların hamısı ölüb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlərin siyahısında “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin də olub. Qəza faktı üzrə yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.