
Qadınlar arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə yarışlar başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib. Məlumata görə, isveçrəli Anya Senti 627.7 xalla qızıl medala sahib olub. Gümüş medala Fransadan olan atlet Annett Müller yiyələnib. Bürünc medalı finlandiyalı Marianne Palo bayram edib.
Komanda yarışında isə İsveçrə birinci, Norveç ikinci, Avstriya üçüncü olub.
Kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə yarışlara da yekun vurulub.
Hindistanlı Sinq Amanpreet 577 xalla qızıl medala sahib çıxıb. Koreyalı atlet Qunhyeok Li ikinci, fransalı Kevin Çapon isə üçüncü yeri tutub.
Komanda yarışında Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.
Qadınlar arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə də qaliblər müəyyənləşib.
Çinli Sixuan Fenq 572 xalla qızıl medal qazanıb. Gümüş medala Yunanıstandan olan məşhur atıcı Anna Korakaki yiyələnib. Bürünc medala isə avstriyalı Silviya Şteyner sahib çıxıb.
Bu növ üzrə komanda yarışında Çin birinci, Azərbaycan ikinci, Hindistan üçüncü olub.
Bugünkü son yarışda isə atletlər 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə qarışıq komanda şəklində mübarizə aparıblar.
Yan Loxbihler və Çiara Leonedən ibarət İsveçrə komandası 1249.7 xalla qızıl medallara sahib olub.
Gümüş medalları onların həmyerliləri Kristoff Duer və Sarina Hitz əldə edib - 1247.2 xal.
Bürünc medalların sahibi isə 1245.9 xalla Linşu Du və Siyu Xiadan ibarət Çin kollektivi olub.


