18-20 avqust tarixlərində Misirin Qahirə şəhərində keçirilən “Pharaoh’s Cup” beynəlxalq turniri Azərbaycan yığma komandası üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Məlumata görə, komandamıza ən yüksək nəticəni qadın idman gimnastımız Xədicə Abbaszadə qazandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.
2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastlarımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.
Kişilərdən ibarət yığmamızın üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.