
Qadınlar arasında futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, bu, finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edən İspaniya olub.
Qaliblərin qolunu 29-cu dəqiqədə Olqa Karmona vurub. 70-ci dəqiqədə ispaniyalı Cennifer Hermoso penaltini yerinə yetirə bilməyib.
İspaniya millisi ilk dəfə dünya çempionatının finalında çıxış edib. Əvvəllər komandanın tarixində ən yaxşı nəticə 1/8 finala yüksəlmək idi.
İngilis qadınlar da indiyədək dünya çempionatlarının finalına çıxa bilməyiblər. Onlar hazırkı Avropa çempionlarıdır. Komanda bu adı 2022-ci ildə ev turnirində qazanıb. Dünya çempionatında İngiltərə komandasının ən yaxşı nailiyyəti üçüncü yerdir (2015).
Qeyd edək ki, 2023-cü ildə qadınlar arasında dünya çempionatı 9-cu dəfə keçirilib. Yarış Avstraliya və Yeni Zelandiyada baş tutub. Şənbə günü üçüncü yer uğrunda görüşdə İsveç Avstraliyanı 2:0 hesabı ilə məğlub edib.
