UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”-“Olimpiya” oyunlarının vaxtı məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Məlumata görə, Ağdam təmsilçisi ilk matçını avqustun 24-də səfərdə keçirəcək. Lyublyanada baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab görüşü isə bir həftə sonra avqustun 31-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Sloveniyada keçiriləcək qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək. FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Radoslav Gidjenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Azərbaycanda keçiriləcək oyun isə İspaniyadan olan hakimlərə tapşırılacaq. FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim rolunda isə Alexandro Muniz Ruiz çıxış edəcək.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb. Azərbaycan çempionu pley-offa yüksəlməklə ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.