7 il sonra İrandan Səudiyyə Ərəbistanına ilk rəsmi səfər


7 illik fasilədən sonra İrandan Səudiyyə Ərəbistanına yüksək səviyyəli rəsmi səfər baş tutub. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranla Ər-Riyad arasında münasibətlərin bərpasından sonra ilk dəfə Səudiyyə Ərəbistanına gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın rəsmi İRNA xəbər agentliyi məlumat verib. Məlumata görə, Abdullahiyan onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada getmək üçün Tehrandan ayrılıb.
Abdullahiyanın səfər çərçivəsində həmkarı Feysəl ibn Fərhan başda olmaqla Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri ilə görüşü gözlənilir.
Səfər zamanı İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunacaq.
Səfərlə eyni vaxtda İranın Ər-Riyaddakı yeni təyin edilən səfiri Əli Rza Enayeti də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra pozulub.
Bu il martın 10-da İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra münasibətləri normallaşdırmaq qərarına gəlib və səfirliklərin yenidən açılması, iki ölkə arasında uçuşların bərpa edilməsi və vizaların asanlaşdırılması barədə razılıq əldə edilib.

DİGƏR XƏBƏRLƏR

Top