Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Babək Mürsəl oğlu Ələkbərov və polkovnik Zaur Ağaqardaş oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
Yeniavaz.com xəbər verir ki, Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlib.
2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Ailəlidir, 3 övladı var.
Babək Ələkbərov
"Qafqazinfo"nun məlumatına görə, 49 yaşlı Zaur Zeynalov isə 1-ci Qarabağ müharibəsi, həmçinin Vətən müharibəsi iştirakçısıdır. Əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) bir neçə hərbi hissəsində komandir olub. Hazırda DSX-də Baş İdarə rəisi vəzifəsini icra edir.
Zaur Zeynalov