İlqar Fəhmi: “Allah yoxdan var eləmək qüdrətinin bir hissəsini insanlara verib” – Müsahibə


Sözün sehri ilə yaranıb mövcudluğunu davam etdirən ədəbiyyat bəşəriyyətə bir çox möcüzələr bəxş etmişdir. Həmin sehr bəzən söz adamlarının, ədəbiyyat mütəfəkkirlərinin həyatına da təsir edir. Budəfəki həmsöhbətimizin həyatına baxdıqda da həmin çalarları görmək mümkündür. O deyir ki, dünyaya gəldiyi il bu dünyadan köçən birinin təxəllüsünü özünə götürüb. Və həmin təxəllüsün onun həyatına, yaradıcılığına, təfəkkürünə əsaslı şəkildə təsir etdiyini deyir. Budəfəki müsahibəmizdə 1975-ci ilin 18 avqustunda Zirə kəndində dünyaya gələn İlqar Paşayevin “Fəhm”i ilə tanış olduq.

- “Fəhmi” ərəbcə “anlayan” deməkdir. Həyatda ən çox nəyi anlamaqda çətinlik çəkirsiniz? Ən gözəl anladığınız şey nədir? Bir az da bu təxəllüsün tarixçəsi haqqında…
- “Fəhm” sadəcə anlamaq mənasında deyil, daha dərin məzmunu var. Yəni dərin qatları anlamaq, dərin qatları hiss etmək, bir məsələnin mahiyyətinə varmaq. Maraqlı tarixçəsi də var. Bizim gənc əruzçular, tək əruzçular da yox, ümumiyyətlə, bütün gənc şairlərdə adətən belə bir proses olur ki, ilk yazmağa başlayanda təxəllüs olmur, sadəcə adı ilə yazırlar. Sonradan özü özü üçün təxəllüs götürür, ya da ustadlar, ağsaqqallar təxəllüs verirlər. Mən də ilk yazmağa başlayanda öz adımla yazırdım. Sonra bizim ədəbi məclislərdə, yarı-zarafat, yarı-gerçək söhbət düşdü ki, bir təxəllüs götürsən, pis olmaz. Mən 1975-ci ildə anadan olmuşam, söhbət əsasında məlum oldu ki, bizim şairlərimizin, qəzəlxanlarımızın ustadı Əli Fəhmi həmin ildə vəfat edib. Belə bir təklif oldu ki, elə kişinin adını götürüm. Sanki onun adı yaddan çıxmasın, hər dəfə mənim adım gələndə o xatırlansın. Əvvəl, sözün düzü, bir az tərəddüd elədim, amma sonra götürdüm. Nəyə görə gec götürdüm, bir az düşündüm, çünki burda bir incə detal var. Adətən şairlər sevirlər ki, onun təxəllüsü elə olsun ki, onu qafiyəyə salmaq mümkün olsun. Elə olanda qəzəllərdə də şirinliklər olur. “Fəhmi” təxəllüsü qafiyəyə girmir, onun, demək olar ki, qafiyəsi yoxdur. Bu baxımdan onu o cür işlətmək çətin idi. Amma nəsə elə fikirləşdim ki, ağsaqqallar məsləhət görürlərsə, götürüm. Doğurdan da, Əli Fəhminin ruhu, energetikası mənə çox böyük təsir etdi. Mən o kişi haqqında az eşitmişdim. Çünki o, pedaqoq idi, kitabları yox idi, mən onun əsərlərindən xəbərsiz idim. O təxəllüsü götürəndən sonra onu tanıyan adamlar harda ki mənim adımı eşidirdilər, yaxınlaşıb deyirdilər ki, sən bilirsən, o necə adam olub? Onu tanıyanlardan, əsasən tələbələrindən şifahi olaraq Əli Fəhmi haqqında mənə nə qədər məlumat gəldi. O, universitetdə, əruzdan, klassik ədəbiyyatdan dərs deyirdi. Bizim ədəbi mühit ziyalılarının əksəriyyətinin müəllimi olmuşdu. Hər mənə yaxınlaşan adam birinci onu soruşurdu ki, onun övladısan, yoxsa yox. Bizim akademiklər, professorlar, alimlər, şairlər biləndə ki, övladı deyiləm, onun haqqında mənə danışmağa başlayırdılar.

- AYB-yə üzvlük hansı kriteriyalar əsasında aparılır? AYB-nin funksiyası tam olaraq nələrdən ibarətdir və bu funksiyalar nə dərəcədə yerinə yetirilir?
- Ümumiyyətlə, Yazıçılar Birliyinin prosedurası var ki, biz ondan imtina edə bilmərik. Bu, Qurultayın nizamnaməsi yaranandan var. Birincisi, sənin əsərlərinin siyahısından, onların yaxşı-pis olmasından daha çox sənə zəmanət verən adamların orda yazdığı qeydlərdir. Bəzən deyirlər ki, AYB-nin üzvləri çoxdur. Bu bir dövlət idarəsi deyil, teatr deyil ki, ştat cədvəli olsun və ondan artıq üzv götürülməsin. Bu, ictimai bir təşkilatdır. Və hər bir ictimai təşkilata xoş olar ki, onun üzvləri çox olsun. Bu, sırf peşəkar yaradıcılıqla məşğul olan, peşəkar sənətçilərin, yazıçılıqla məşğul olan, həyatını buna həsr edən peşəkar, dar çərçivəli gildiya deyil. Bu sahəyə yaxın olan, meyili olan, həvəskar, həvəsi, müəyyən yazısı və müəyyən qədər də peşəkarlığı olan insanların birgə təşkilatıdır. Burda yazıçı, şairlərdən əlavə çoxlu tənqidçilərimiz var ki, bir dənə şeir, roman yazmayıblar, amma ədəbi məqalələri var, ədəbiyyata xidmət ediblər. Çoxlu tərcüməçilərimiz, təbliğatçılarımız var. Bəzən görürsən ki, zəif yazıları olsa belə, bu insan ali məktəbdə dərs deyir və bütün həyatını mövcud ədəbiyyatın təbliğatına həsr edib. Müxtəlif layihələr, tədbirlər keçirir, bizim şairlərlə görüşlər keçirir, görürsən ki, özü elə də aktiv ədəbi fəaliyyətdə olmasa da, ildə bir-iki şeir yaza, ya yazmaya, amma özünü ədəbiyyatın təbliğinə həsr edib. Niyə AYB-nin üzvü olmasın? Bu baxımdan heyətimiz genişdir.
Amma burda zəmanət məsələsi var. Bəzən olur ki, kimlərinsə üzv olmağı cəmiyyətdə narazılıqla qarşılanır. Prosedura deyilən bir şey var. Neçə dəfə başımıza gəlib – mənim şəxsən bəyənmədiyim insanlar üzv olub. Niyə? Baxırsan ki, o bəyənmədiyin insana elə bir adamlar zəmanət verib ki, yəni bunlar ədəbiyyatın lap başında dayanan, klassiklər, Xalq yazıçısı, Xalq şairi, akademik, professorlardır. Və zəmanətdə həmin adamı o qədər tərifləyib ki, sən desən ki, mən bunu bəyənmirəm, yazısının keyfiyyəti məni qane etmir, bütün hər yerə hay-küy qaldıracaq ki, sən o akademikdən, professordan çox bilirsən? Ona görə mən tanınmış insanlara deyərdim ki, AYB-yə qəbul üçün zəmanət yazanda bir az diqqətli olsunlar, çünki sonra biz artıq o zəmanətlərin əsirinə çevrilirik. Biz artıq ona imtina verə bilmirik, geri qaytara bilmirik. Ələlxüsus da o məşhur simalar olanda. Mənim başıma gəlib, bir-iki dəfə eşitmişəm ki, hətta bəzilərindən zəng edib soruşmuşam ki, filankəs üçün o boyda zəmanət yazmısan, iki səhifə tərifləmisən. Bu o deyil axı, sənin tərfilədiyin kimi dahi şair deyil. Deyir ki, neyləyim, hər gün gəlir, zəng edir, bir ildir bezdirib məni, gördüm yazmasam, əl çəkən deyil, mən də götürdüm təriflədim ki, əl çəksin mənim yaxamdan. Yəni böyük şəxsiyyətlərimiz tərəfindən bu cür yanaşma olanda artıq biz də burda onun təsiri altında qalırıq.

- Sizi həm də bir kinodramaturq kimi tanıyırıq. Bu prizmadan baxanda kinomuzun vəziyyətini necə qiymətləndirərdiniz?
- Teatr, kino, serial – bunlar ayrı-ayrı sahələrdir. Azərbaycanda serial sahəsində düşünürəm ki, kifayət qədər inkişaf var. Ən azından bizim öz seriallarımız öz tamaşaçılarımızı qane edəcək səviyyədədir. İndi gəlirik kinoya. “Youtube” üçün çəkilən, xırda həcmli, kiçik, qısa sosial-məişət mövzulu filmlər – bunlarda da hər şey qaydasındadır. Çünki külli miqdarda “YouTube” filmlərimiz var ki, hərəsinin 300-500 min baxışı var. O filmlərin də xüsusi peşəkarları əmələ gəlib ki, az büdcə, kiçik şəraitlə 30-40 dəqiqəlik filmlər çəkib ortaya qoyurlar.
Amma o peşəkar film dediyimiz kinoteatr filmləri var ki, bunun başında kinoteatrların azlığı dayanır. Çox adamlar var ki, bu sahəyə investisiya qoymaq istəyirlər, rejissorlara, prodüserlərə deyirlər ki, biz sizə inanırıq, siz yaxşı film çəkəcəksiniz. Amma bu vəsait necə geri qayıdacaq? Tutaq ki, yarım saatlıq yaxşı bir dram – bəzən şit komediyalar da olanda müəyyən qədər büdcəni çıxarmaq olur – bir vətənpərvərlik filmi olsun, bir dram, detektiv olsun – bunların büdcəsi çıxmır. Niyə? Çünki Azərbaycanda 3-4 dənə kinoteatr var. 2 şəbəkə var, hərəsinin 5-6 kinoteatrı. Yəni 6-7 kinoteatrla sən bir filmin pulunu çıxara bilməzsən. Və yaxud da oturub hökumətdən gözləyirlər ki, hökumət bunlara pul versin, bu filmi çəksinlər, ardı da bunlara maraqlı deyil. Festivallara filan aparırlar, iki dənə mükafat verirlər gətirirsən. Festival filmi heç vaxt öz gəlirini ödəmir. Bu, ümumiyyətlə, absurd şeydir, təkcə bizdə belə deyil, bütün dünyada belədir. Mənim yadımdadır, bir neçə il bundan əvvəl belə bir ideya var idi ki, rayonlarda nə qədər mədəniyyət sarayları var, hər birində kinoteatr düzəltsinlər. Bilinsin ki, hər rayonda elə yerlər var ki, yeni filmlər verilir. Azərbaycan kinoları da çəkiləndə rayonlarda, ən azından 40-50 ekranda görünsün. Nəsə o layihəni reallaşdıra bilmədilər. Ən azından 4-5 kinoteatrın müstəmləkəsindən azad olardıq. Kinolar ölkə səviyyəsində yayılardı.

- 2055-ci ildə, sizin 80 yaşınızda Azərbaycan ədəbiyyatının vəziyyətini necə təssəvvür edirsiniz?
- 2055 yox, elə 2030-cu ildən o tərəfə hesab edirəm ki, Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, bütün dünyada ədəbiyyat kiçik həcmli formaların üzərinə qayıdacaq. Biz əslində bunu yaşamışıq. Ədəbiyyat həyat enerjisi çox olan bir sənət növüdür. Hələ-hələ onu öldürmək mümkün deyil. Kinonu, teatrı, hətta musiqini öldürə bilərsən, ədəbiyyat ki sözə bağlıdır, onu öldürə bilməzsən. Sadəcə dövrə uyğunlaşır. Məsələn, təxminən 500 il əvvəl kitab yazmaq çətin idi, çap, ümumiyyətlə, yox idi, əl ilə köçürürdülər. Və böyük əsərlər ancaq hökmdarlar üçün yazılırdı. Xalqın arasında kiçik həcmli əsərlər yayılırdı. Çünki balaca idi, yaddaqalan idi. Məsələn, Füzuli öz dövründə sağlığında populyarlıq qazanmış şair idi. Çünki Kərbəla şəhərində yaşayırdı, ora da ziyarətçilər çox gəlib gedirdi. Onun şeirlərini eşidənlər hərəsi öz ölkəsinə aparırdı. Belə-belə yayılırdı. Sonra kitab dövrü gəldi, kitab çapı asanlaşdı. Artıq əzbərə ehtiyacı olmayan böyük həcmli əsərlər – romanlar, povestlər aktual olmağa başladı. Amma indi yenidən sosial şəbəkə dövrünə qayıdırıq. Mən indi baxıram ki, yenidən kiçik həcmli əsərlərə qayıdırıq. Düşünürəm ki, 2055-ci ildə mənim nəsrlərim, ssenarilərim, romanlarım filan heç biri diqqətdə qalmasın, ancaq qəzəllərim oxunsun. Çünki bunlar sosial şəbəkələrdə yayıla biləcək qısa həcmli janrlardır. Mən düşünürəm ki, təkcə məndə yox, ümumiyyətlə, bütün dünya üzrə, hardasa bir 20-25 il sonra böyük həcmli əsərlər nə oxunacaq, nə yayılacaq, nə onların istehsalı ilə kimsə məşğul olacaq. Yenə qəzəl, rübai formalarına qayıdacağıq.

- Bir fikir adamı, söz adamı ən çox hansı keyfiyyətləri ilə fərqlənməlidir?
- Mənə elə gəlir ki, estetika ilə. Gözəl söz anlayışı ki var, sözün estetikası qədər, məncə, dünyada başqa gözəllik yoxdur. Gözəl söz bütün gözəlliklərin başında gəlir.

- Məşədi Babanın belə bir sözü var: “Baba, sanma məni üryan, mənim şeiri-şüarım var, Özün söylə bu aləmdə, sözüm varsa, nəyim yoxdur?” Söz nədir? Bəşərin sahib olduqları arasında qüdrətinə görə sözü hansı sıraya qoyardınız?
- Birinci sıraya. Nizami əbəs yerə demir:
Pərdeyi-xəlvət çü bərəndaxtənd,
Cilveyi-əvvəl zesoxən saxtənd.
Çün qələm aməd şüdən ağaz kərd,
Şeşmi-cahanra besoxən baz kərd.
Xəlvət pərdəsini ki qaldırdılar, birincisi, sözün parıltısı yayıldı. Yaradılış sözün özündən başladı. Bütün ibrahimi dünlərdə “Ol dedi, oldu” ifadəsi var. Bizdə “Kun fə yəkun” ifadəsi var. Füzuli deyir ki:
Gər kaf ilə nundan oldu aləm
Ayə nədən oldu kaf u nun həm
“Kaf u nun”, yəni “kon” – “ol”. Və əgər yaradılışa səbəb o söz olubsa, demək ki, söz yaradılışın özündən əvvəl olub. Söz Allahın iradəsindən keçib ki, sonra yaradılış olub.
Nizami deyir ki:
Combose əvvəl ke gələm bərgereft
Hərfe naxostin ze doxən dərgereft
Deyir ki, qələm ki birinci tərpəndi – qələm Allaha işarədir – birinci sözü “söz” oldu. Hansısa məna daşıyan yox, sözün özü. Bu baxımdan söz çox əhəmiyyətli bir şeydir. Mən hərdən deyirəm, insanın ruhu ilə cismi arasında rabitə sözdəndir, Allahın möcüzəsi sözdür. Sözlə böyük xalqları öz arxalarıyca aparıblar, böyük orduları dağıdıblar, böyük cəmiyyətləri tərsinə çeviriblər. Şərq ədəbiyyatında ən böyük sir – “sirri-dəhan” anlayışı var. Ağız bir fiziki orqandır. Sən də nəfəs alırsan, söz də sənin nəfəsinin müəyyən sirkulyasiyasıdır. Necə olur ki, mən elə bir söz deyə bilərəm ki, qarşımdakı insanın ürəyi tutar ölər? Mən onu bıçaqlamadım, boğmadım, sözlə bir informasiya verdim. Görünür ki, “sirri-dəhan” Allahın ən böyük sirlərindəndir ki, insana sanki ilahi bir qüdrət – yoxdan var eləmək verilib. Bu söz ki var mən indi danışıram, o, əvvəl harda idi? Heç yerdə yox idi. Demək ki, yoxdan var edirsən. Və o yoxdan var etmək qüdrəti Allaha məxsusdur. Allah öz qüdrətinin bir hissəsini insanlara verib. Ona görə də istənilən bir xalqı istismar etmək, bir cəmiyyəti işğal etmək, bir insanı sındırmaq istəyəndə, birinci, onun sözünü gözdən, dəyərdən salırlar. Sözün təsiri ölməsə, sən istənilən vaxt əks-reaksiya ilə qarşılaşa bilərsən.

- Bir ədəbi əsər nümunəsi insan həyatına hansı şəkildə təsir edə bilər? Praktikanızda bu kimi hallarla rastlaşmısınızmı?
- İnsan həyatının dəyişməsində incə bir detal var. Mən həmişə o fikirdə olmuşam ki, insan həyatı heç vaxt dayandığı yerdə dəyişmir. Sən bir yolla gedirsən, bir kitab çıxdı qarşına, o kitab səni tamam başqa istiqamətə apardı – elə şey olmur. Sənin içində o istiqamətə nəsə bir meyil olmalıdır. Amma o, çox dərin qatda olur. Və ədəbiyyat əslində sənin öz içində gizli qalan, dərin qatlarında olan, amma hələ sənin özünə də məlum, aydın olmayan hiss və duyğuları üzə çıxarır və səni aydınlaşdırır. Bəzən olur, deyirlər ki, mən filan kitabı oxudum, ondan sonra imana gəldim. Xeyir, sənin içində fitri iman hissi var, sadəcə həmin kitab o nöqtəyə toxunub və onu oyadıb. Əgər içində tam iman hissi olmayan biri o kitabı oxuyub imana gəlsəydi, onda belə çıxır ki, bu kitabla hamını imana gətirmək mümkün olardı, dünyada imansız adam olmazdı. İstər vətən hissiyyatı, istər ailə, qadın-kişi münasibətləri… İnsanın içində genetik təhtəlşüur informasiyası var. Amma bəzən hansısa ədəbiyyat nümunəsi həmin o informasiyaya toxunur, qıcıqlandırır və sən öz içində olan hansısa kiçik bir bulağın gözünü açırsan və ordan su gəlməyə başlayır.

- Din və ədəbiyyat. Dinin ədəbiyyata təsirləri nələrdir və bunların səbəbləri nədir?
- Klassik şərq ədəbiyyatında dinsiz yazı yoxdur. Çünki XIX əsrə qədər tək bizdə yox, elə Avropanın özündə də dinsiz insan mümkün deyildi. Bu, məcburiyyət də deyildi, insanlar dünyanı başqa cür təsəvvür edə bilmirdilər. Ona görə klassik ədəbiyyata yanaşanda gərək mütləq qəbul edəsən ki, bunların hər birinin ideologiyasının məqsədi insanı Allaha yaxınlaşdırmaq olub.
XVIII-XIX əsrlərdən başlayaraq Avropada, sonra başqa ölkələrə də keçdi, anti-Tanrı meyilləri başladı. Eqosentrizm, ön plana insan gəldi – insan böyükdür, insan dünyanı dəyişir, öz istədiyini yaradır. Yəni hansısa ilahi qüvvə yox, dünyanın hakimi insandır. Və Tanrının inkarı başladı. Sanki ilahi energetikadan imtina başladı. Amma əvəzində nə oldu? Böyük dünya müharibələri, faciələr və s. Və bu gəlib nəyə çıxdı? Əvvəllər Tanrının inkarının birinci mərhələsində bir romantizm var idi. Sanki Tanrı qarşısında qiyamı romantik bir şey kimi qəbul edirdilər: “Biz Tanrının, kilsənin, dinin diktəsindən azad olacağıq və daha gözəl cəmiyyət quracağıq”. Buna inam var idi. Amma XX əsrin birinci yarısında o fərəh hissi dağıldı getdi. Məlum oldu ki, sən tanrıdan imtina edib, öz cəmiyyətini qurursansa, bu, əvvəlkilərdən daha qəddar, qanlı, qəzəbli, riyakar bir cəmiyyət olacaq. Və insanlarda daxili çöküş başladı. Ötən əsrin 20-30-cu illərində dünya ədəbiyyatında modernizm ədəbi hərəkatı, dekadentçilik, sonra bir az keçdi, postmodernizm gəldi, bunlar hər biri ümidsizlik idi. Yəni Tanrı yoxdur, bizik və biz də fərli idarə edə bilmirik. Frans Kafka bu gün niyə aktualdır? Kafkanın bütün əsərlərində həmin o ümidsizlik var. İnsan heç nəyə qadir deyil, insan əzaba, zülmə məhkumdur. İnsan heç vaxt öz içindəki vəhşidən, həşəratdan qurtula bilməyəcək. Yaxşı, bu, həqiqətdir, bunu dedik və ədəbiyyata çevirdik. Bununla nəyi təlqin edirik? Mən həmişə düşünmüşəm ki, yeniyetmə vaxtlarımdan modernist ədəbiyyat oxumuş olsaydım, görəsən, hansı düşüncədə olmuş olardım. Elə bil ki, səni yeniyetmə vaxtlarından tam ümidsizliyə düçar edirlər. Mən gözümü açandan klassik şərq ədəbiyyatı oxumuşam deyə o, mənim daxilimə elə bir energetika yayıb ki, o birilər hamısı gəlib toxunur gedir. Hamısından məlumatım var, amma heç biri mənə təsir etmir. Çünki XX əsr dünya ədəbiyyatı işıqsızlıq ədəbiyyatıdır. Allahdan imtina və insana ümidsizlik. XIX əsrin XX əsrin əvvəli Cek London, Viktor Hüqo – bunlarda Tanrıdan imtina var, amma insana inam da var. Amma ötən əsrin 30-cu illərindən başlayaraq tezis bu oldu ki, Tanrıdan imtina etdik, amma insan da heç nəyi idarə edə bilmir. Cəmiyyət ölməyə, sürünməyə, məhvə məhkumdur. Bütün bunlar insanın daxilindəki o boşluğu bir az böyüdür.
Və o boşluqla yaşaya bilməyən insanlar üçün yeganə söykəniləcək yer dindir. Niyə? Çünki bu işıq yalnız dində qalıb.
Rus alimlərindən biri deyir ki, əvvəlki romantizm cəmiyyəti bulkaya bənzəyir. İçi doludur, səni inandırır ki, nəsə var, sən mübarizə aparacaqsan, gözəl cəmiyyət quracaqsan, hər şey düzələcək və s. Deyir sonra modernizm gəldi, burda mübarizə filan var, amma nəticəsi yoxdur. Bunu bublikə bənzədir, yəni kənarı var, ortası yoxdur. Postmodernizmi isə belə təsvir edir: “Постмодернизм это дырка от бублика”. Yəni, bublik də yoxdur, ancaq ortasının deşiyi var. Deməli, əslində heç nə yoxdur. Din və ədəbiyyatın üstünə gətirirəm, müəyyən insanlar bu boşluğun içində yaşaya bilirlər. Amma bu boşluqda yaşaya bilməyənlər, bir söykənəcək axtaranlar dinə yönəlirlər.

- Əş-şuəra surəsi, 224-cü ayədə deyilir: “(Müşrik və kafir) Şairlərə gəldikdə, onlara azğınlar tabe olar”. Bu fikri necə şərh edərdiniz? Allah burada öz bəndələrinə nəyi çatdırmaq istəyir?
- Sənətkarlar bəzən xalqın içərisində elə sevgi qazanırlar ki, onların ayağının altı gedir. Xalq bunlara rəğbət göstərməyə, sevməyə başlayır, bunların başları hərlənir. Sonra da belə bir fikir yaranır ki, biz nə etsək də, bizə xoşdur, qəbul edəcəklər, qəbul etməyə məhkumdurlar. Bu, qədim dövrlərdən bəri həmişə olub. Sənətkarın birinci düşməni təkəbbürdür. Allahın bu kəlamında sanki insanlara bir mesaj çatdırılır ki, çox da bütləşdirməyin. İstənilən bir şeyin ki adı sənətdir, sənət sözü süni deməkdir. Rus dilində sənət (искусство) süni sözündəndir (искусственный). Bu, həyatın özü deyil, real olmayandır, yaradılan bir şeydir. Bir şeyin ki kökündə sünilik dayanır, bu, heç vaxt təbii ilə bəhsə girə bilməz. Jan Bodriyarın “Simulakrum və Simulyasiya” əsəri var. Orda deyir ki, müasir cəmiyyətdə bir şeyin “kopya”sı onun özündən daha çox hörmət qazanır. Təsəvvür edin ki, Qarabağ müharibəsi ilə bağlı yaxşı bir film çəkilir və aktyor möhtəşəm bir obraz yaradır. Bodriyarın dediyi kimi, simulyator sistemi işə düşəcək. Real qəhrəmandan daha çox, xalq o aktyoru sevəcək. O aktyor bütün məclislərdə yuxarı başda gələcək, ona əl çalacaqlar, onu tərifləyəcəklər, o, vətənpərvərlikdən, qəhrəmanlıqdan danışacaq. Reallıqda həmin qəhrəmanlıqları göstərən insanlardan daha çox ona diqqət ayrılacaq. Bu, zamanənin faciəsidir. Quranda da o söz ona görə deyilib ki, şairlər, yazarlar başa düşsünlər ki, sən əslində nə qədər təriflənsən də, nə qədər diqqət-qayğı görsən də, sən bu vaxta qədər bir dənə adamın qarnın doydurmamısan. Cəmiyyətə bir xeyrin dəyməyib. Sadəcə süni bir şey yaratmısan.

- Ən təsirli şeirlərinizi yazmazdan bir neçə dəqiqə əvvəl nə yaşayırsınız, nə düşünürsünüz ki (hansı situasiyada olursunuz), özünüzü şeir yazan yerdə tapırsınız?
- Əvvəllər, yeni yazmağa başlayanda adamın ağlına bir misra gəlirdi, sonra uzun müddət düşünürdün. Amma indi onun halı gəlir. Və bəzən görürsən ki, o halı bir misra üzə çıxarır. Məsələn son yazdığım şeirdə “Nəyi pisdir” - belə bir ifadə gəldi ağlıma. Burda bir hal var da, bir az laqeydlik, bir az ümidsizlik, amma bir az da işıqlılıq, o halı tutandan sonra artıq hal özü şeiri gətirdi. Yazmamışdan əvvəl onun halı gəlir. Hal artıq şeiri gətirir.

Sən hər gecə göylərdə gümüş ay kimi parla,
Mən şöləsi titrək çıraq olsam, nəyi pisdir?

Sən incə zərif duyğuların məskəni cənnət,
Mən orda xəyalən qonaq olsam, nəyi pisdir?

Sən bir kitab ol, zövqü olanlar oxusunlar,
Mən rəngi saralmış vərəq olsam, nəyi pisdir?

Sən nur ələyən hər yana büllur saray ikən,
Mən torpağa yatmış otaq olsam, nəyi pisdir?

Sən çay kimi ax, bəndləri sindir yolun üstə,
Mən sadə ve səssiz bulaq olsam, nəyi pisdir?

Sən ruhunu azad elə zülmət qaralıqdan,
Mən yarı qara, yarı ağ olsam, nəyi pisdir?

Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın
Mən də sənə hərdən dayaq olsam, nəyi pisdir?

- Bir anlıq yazdığınız bütün şeirlərin mövcud olmadığını və yalnız bir şeirinizin qaldığını təsəvvür edin… Bu hansı şeir olardı? (Seçim sizdə olsaydı)
- O dəyişən bir şeydir. Məndən seçməyi tələb etsələr ki, bir şeirin tarixdə qalsın, 20 il bundan əvvəl bir şeirimi deyərdim, 10 il əvvəl başqa bir şeirimi deyərdim. İndi mənim üçün daha əhəmiyyətli əsər “Balaca kişilər”dir. Çünki orda fərqli bir atmosfer var. Haçansa, bəlkə, “Yenə də” şeirini deyərdim. 2010-2015-ci illər aralığında, Bakının sürətlə dəyişdiyi vaxtlar mənim üçün bu mövzu o qədər aktual idi ki, həmin vaxt “Bakı” şeirini deyərdim – elə bir dənə o qalsa, bəsdir. İnsanın halları dəyişdikcə onun üçün prioritetlər də dəyişir və sənin üçün əhəmiyyətli olan şeylər yerini dəyişməyə başlayır. Amma bədii baxımdan, zərgər dəqiqliyi ilə işlənmiş mənim bir neçə şeirim var. Bunlar “Gecə kəpənəyi”, “Yenə də”, “Bakı” şeirləridir. Bunların strukturu unikaldır. Amma məna-məzmun baxımından hal-hazırda mənim üçün “Balaca kişilər” daha əhəmiyyətlidir.

- Gənc nəslə tövsiyələriniz…
- Gənclərə birinci tövsiyəm odur ki, küyə getməsinlər. Hazırda cəmiyyətdə çox pis tendensiyalar yaranıb. Və bunun vasitəsilə bizi idarə edirlər. Yəni insanların hər şeyə inanması halı gəlib çıxır. İstənilən bir informasiya yayılır və kor-koranə şəkildə hamı inanır. İnformasiya məkanında bu, keçmişdən qalan bir kompleks idi. Çünki o vaxtlar bizdə qəzet, mətbuat, televiziya az idi və bunlara dövlət nəzarət edirdi, kütləyə heç bir yoxlanılmamış, sınanmamış, təsdiq olunmamış informasiya verilmirdi. Və insanda bir fikir yaranırdı ki, əgər bir şey ki qəzetdə çıxıbsa, demək ki, bu yüz faiz belədir. Amma indi ki açıq informasiya dönəmidir, internetdə kim nə istəyir yazır, artıq gərək qəbul edəsiniz ki, sizin qarşınıza çıxan informasiyaların böyük bir hissəsi gənclərin şüurunu yumaq üçündür. Deməli, beyində sizə, gənclərə olan o təzyiqə qarşı müdafiə mexanizmləri formalaşdırmaq lazımdır. O vaxtlar Zirədə ağcaqanad əlindən oturmaq olmurdu. Kəndin qırağında qamışlıqlar olurdu, axşam gün batana yaxın, elə bilirdin ki, dəniz kənarından duman qalxırdı, kəndə tərəf gəlirdi. Hamı qaçıb evə girirdi. İndi hər bir gənc özünü o cürə “ağcaqanad”ların içində hiss etməlidir. Ondan beynini müdafiə mexanizmi yaratmalıdır. Çünki hər yerdən “ağcaqanad”lar hücum edir və sizi öz əsarətinə götürmək istəyir. Yoxsa əriyib gedəcəksiniz. Xalq olaraq da, cəmiyyət, dövlət olaraq da.

- Doğum gününüzü təbrik edir, sizə möhkəm can sağlığı və gələcək fəaliyyətlərinizdə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm, çox sağ olun.

Əliş Abdulla, Fraza

DİGƏR XƏBƏRLƏR

Top