"Su anbarından çimərlik kimi istifadə olunması düzgündürmü?" – Fotolar


Mingəçevir şəhər İcra Hakimiyyəti çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə məlumat yaysa da, bu tələblərə riayət etməyənlər var.
Yeniavaz.com
xəbər verir ki, bu gün keçirilən reyd zamanı Mingəçevir çimərliyində 6 müxtəlif məkana baş çəkilib, nöqsanlar aşkarlanıb.
İstirahətə gələn sakinlər girişin pullu olduğunu deyiblər. Sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının üzvü, jurnalist İnqilab Şirinbəyli Yeniavaz.com-a bildirib ki, ilk növbədə çimərlikdə insanların sağlamlığının qeydinə qalınmalıdır:
“Mən buradan bəyan edirəm və müvafiq qurumları da dəvət edirəm ki, aydınlıq gətirsinlər, içməli su mənbəyi olan su anbarından çimərlik kimi istifadə etmək nə dərəcədə düzgündür? Dünyanın heç bir yerində çimərlikdən içməli su mənbəyi kimi istifadə olunmur. Eyni zamanda bu suyun bioloji tərkib məsələsi də var.
Bu gün reyd zaman müşahidə etdik ki, adi insanların heç bir xidmətdən istifadə etmədikləri halda çimərliyə daxil olmalarına maneələr yaradılır, pul istənilir. Bu məsələlərə aidiyyəti qurumlar nəzarət etməlidirlər. Burada fəaliyyət göstərən sahibkarların heç biri real sənəd təqdim edə  bilmədi. Həmçinin avtomobillərin çimərliyin birbaşa içərisinə qədər salınması məsələsi də məqsədəuyğun deyil. Burada söhbət insan sağlamlığından gedir”



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top