Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan MN-in yaydığı videomateriala münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov danışıb.
O bildirib ki, Ermənistan MN uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - Mətbuat Xidmətinin rəisi vurğulayıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi məlumat və görüntülər yayaraq, guya Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçisinin ehtiyatda olan erməni hərbçi ilə danışdığını, daha sonra həbs edərək avtomobillə naməlum istiqamətə apardığını iddia edib.