Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunmasının səbəbi açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.
“Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hal-hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb.
Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur. Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhət olunur. Çünki belə hava xüsusi ilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər.
Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”, - Xidmətdən bildirilib.