
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat verib. Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyərək dağıntılar altından beş nəfərin cəsədinin tapıldığını bildirib.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 16-sı uşaq olmaqla 62 zərərçəkən stasionar müalicə alır. 2-si uşaq olmaqla 11 zərərçəkənin vəziyyəti isə ağır qiymətləndirilir. Ambulator tibbi yardım göstərilənlərin sayı isə 18 nəfərdir. Nazirlik həmçinin hadisə nəticəsində 115 nəfərin yaralandığını bildirib.
Həkimlər zərərçəkənlərə lazımi köməkliyi göstərirlər.
***10.49
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.
***09.41
Bazar ertəsi axşam Mahaçqalanın çıxışında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Partlayış nəticəsində, ərazidə güclü yanğın başlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, yanğının sahəsi qısa bir vaxtda 600 kvadratmetrə çatıb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, səkkiz yanacaq çənindən ikisi partlayıb. Yanğının söndürülməsinə 70-dən çox canlı qüvvə və 20 texnika cəlb olunub. Polis və şəhər rəhbərliyi əhalini hadisə yerindən uzaqlaşdırıblar. Partlayışın baş verdiyi Mahaçqala mikrorayonunda qazın verilişində məhdudiyyətlər yaranıb. Rəsmi məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, 75 nəfər isə yaralanıb. Yaralıların qəbulu üçün tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Partlayış yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. Dağıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb. Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi başlanıb.
Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayışda həlak olanlar üçün matəm elan edilib.