İslamın qadın prototipi, şair səhabə – Safiyyə binti Əbdulmuttəlib


Bu yazıda Məkkə dövrünün ilk müsəlmanlarından olan bir xanım səhabədən, Safiyyə binti Əbdulmuttəlibdən (r.anha) bəhs edəcəyik. Allah Rəsulunun (s.ə.s.) bibisi olan bu xanım səhabə Rəsulullahın (s.ə.s.) atası Abdullah ilə ata bir, Allah Rəsulunun (s.ə.s.) digər əmilərindən Həzrət Həmzə (r.a.) ilə də ata-ana bir qardaş-bacı idilər.


Məkkədə soylu və əsil-nəcabətli bir ailədə, Əbdulmuttəlibin evində, miladi 567-ci ildə dünyaya gələn Həzrət Safiyyənin (r.anha) həm doğum, həm də vəfat tarixi hesablandıqda onun Peyğəmbərlə (s.ə.s.) yaşıd olduğu anlaşılır. O bisətin ilk illərindən etibarən həm ailə və nəsəb bağı, həm də iman bağı ilə Allah Rəsulunun (s.ə.s.) yanında olan bir xanım səhabədir. O hələ həyatda ikən cənnətlə müjdələnən məşhur səhabə Zubeyr ibn Əvvamın (r.a.) anasıdır.

Müsəlman olması...
Allah Rəsulu (s.ə.s.) ən yaxınları belə olsa, Allahın (c.c.) icazəsi olmadıqca axirətdə heç kimə əl uzada bilməyəcəyini demişdi. Hətta əl uzadıb kömək edə bilməyəcəkləri arasında bibisi Həzrət Safiyyə (r.anha) də var idi. "Ən yaxın qohumlarını xəbərdar et!" (Şuəra, 26/214) ayəsi nazil olanda Həzrət Peyğəmbərimiz (s.ə.s.) onları bir yerə toplayaraq İslama dəvət etdi. Bu vaxt Peyğəmbərimiz (s.ə.s.) bibisinə: "Ey Rəsulullahın bibisi Safiyyə! Aqibətinin necə olacağını düşün! Mən səni Allahın əzabından qoruya, Allah dərgahında sənin üçün heç bir şey edə bilmərəm", - deyərək onu müsəlman olmağa dəvət etdi. Həzrət Peyğəmbərin (s.ə.s.) bibisinə, həmçinin, rəvayətin davamında qızı Həzrət Fatiməyə (r.anha) adlarını çəkərək ayrı-ayrılıqda səsləndi ki, bu da İslam dininin qadını öz iradəsi ilə qərar verə bilən müstəqil bir fərd olaraq qəbul etdiyini və qadının iman məsələsində kişilər kimi eyni dərəcədə sərbəst və azad olduqlarını göstərir. Bu dəvətdən sonra Həzrət Safiyyə ilə oğlu Zubeyr ibn Əvvam eyni vaxtda İslamın Məkkədə yayılmağa başladığı ilk dövrlərdə İslamı qəbul etdilər.

Qardaşı Əbu Ləhəbi İslama dəvət etməsi...
Əbu Ləhəb Rəsulullahı (s.ə.s.) Məkkədə hər addımbaşı izləyir, Onu (s.ə.s.) təhqir edir, Onun (s.ə.s.) insanlarla görüşməsinə mane olmağa, İslamın qarşısında bir sədd kimi durmağa çalışırdı. Yenə belə günlərdən birində Həzrət Safiyyə (r.anha) Əbu Ləhəbə qarşı çıxaraq qardaşı oğlunu, yəni, Peyğəmbərimizi (s.ə.s.) müdafiə etmişdi. Bu hadisə Həzrət Safiyyənin (r.anha) ilk müsəlmanlardan olduğunu göstərən dəlillərdən biridir. Bir gün Həzrət Safiyyə (r.anha) qohumluq qüruruna sığal çəkərək Əbu Ləhəbə: "Ey qardaşım! Qardaşının oğlunu və Onun (s.ə.s.) dinini köməksiz və dəyərsiz bir şəkildə buraxmaq sənə yaraşarmı? Allaha and olsun ki, bu gün yaşayan alimlər Əbdulmuttəlibin nəslindən bir peyğəmbərin çıxacağını xəbər verirlər. Bax, o peyğəmbər, budur!" - deyərək onu İslama dəvət etdi, ancaq o bu dəvəti qəbul etmədi.

Hər şey nəsib və qismət məsələsi idi. Əbu Ləhəbin gözlərini kin və qəzəb bürümüşdü. Bacısının bu təklifini: "Onsuz da qadınların sözü kişilər üçün ayaq bağıdır", - deyərək rədd etdi. Əbu Ləhəbə haqqı qəbul etdirmək mümkün olmadığını anlayan Həzrət Safiyyə (r.anha) kədərli halda oradan ayrıldı. Mətin və güclü bir iradəyə sahib olan Həzrət Safiyyə (r.anha) qardaşı Əbu Ləhəbi Allah Rəsulunun (s.ə.s.) yanında olmağa razı sala bilməsə də, oğlu Zubeyr ibn Əvvamı (r.a.) Peyğəmbər (s.ə.s.) fədaisi kimi böyüdə bildi və hələ həyatda ikən cənnətlə müjdələnən şəxslərdən biri də o idi.

"Şairinizə deyin, bu işindən əl çəksin"
Allah Rəslunun (s.ə.s.) bibisi Həzrət Safiyyənin (r.anha) həyat yoldaşı Əvvam ibn Xuveylid idi. O, İslamdan əvvəl baş verən Ficar müharibələrində öldürülmüşdü. Buna görə də, Həzrət Safiyyənin oğlu Zubeyr ibn Əvvam (r.a.) uşaqlıq illərinin böyük bir hissəsini ana tərəfdən qohumları olan Haşimoğullarının arasında, dayısı Həzrət Peyğəmbərin (s.ə.s.) uşaqları ilə bir yerdə keçirdi. Həzrət Safiyyə əri vəfat edəndən sonra övladlarının tərbiyəsi ilə şəxsən özü məşğul oldu. Yeri gələndə onları cəsur insan kimi yetişdirmək üçün ciddi nizam-intizam tətbiq etdi. Hətta buna görə qohumları tərəfindən onu tənqid edənlər də oldu.

Bir dəfə Allah Rəsulu (s.ə.s.) Həzrət Safiyyənin (r.anha) oğlu Zubeyr ibn Əvvamı (r.a.) döydüyünü gördü və ona anası olsa belə, uşağını döyməyin doğru olmadığını dedi. Həzrət Safiyyə (r.anha) isə cavab olaraq övladını tərbiyə etməyə, gələcəyə hazırlamağa çalışdığını bir şeirlə ifadə etdi. Bundan xoşu gəlməyən Peyğəmbərimiz (s.ə.s.) Bəni Haşim (Haşimoğulları) qəbiləsinə səslənərək belə buyurdu: "Şairinizə deyin bu işindən əl çəksin".

Müharibədə qılınc çalan ilk müsəlman qadın
Həzrət Safiyyə (r.anha) Məkkədəki əzablı təcrid dövründən sonra oğlu Zubeyr ibn Əvvamla (r.a.) birgə Mədinəyə hicrət etdi. O, yurd-yuvasını tərk edərək başqa bir yerdə, Mədinədə həyata yenidən başlamağın çətinliklərinə dözdü. Digər tərəfdən, sonradan bura gələnlərə həm maddi, həm də mənəvi dəstək oldu. Bu kimi misallar bizə müsəlman olan Peyğəmbər qohumlarının heç də arxa cərgələrdə deyil, ön cərgələrdə olduqlarını və həmişə ən çətin işlərin öhdəsindən gəldiklərini göstərir.

Həzrət Safiyyə (r.anha) Uhud və Xəndək döyüşlərində iştirak etmiş, müharibəyə gedən ilk müsəlman qadın kimi tanınmışdı. O, döyüşlərdə yaralıları müalicə edir və arxa cəbhədə mühüm vəzifələr yerinə yetirirdi. Onun Uhud döyüşü zamanı əlinə nizə alaraq döyüş meydanına gəlməsi, bəzi müsəlmanların geri çəkildiyi bir vaxtda: "Allah Rəsulunu qoyub hara gedirsiniz?" - deyərək onlara mane olmağa çalışması, onun nə qədər hadisələrin içində olduğunu göstərir. Həzrət Safiyyə (r.anha) oğlu Zubeyr ibn Əvvamla (r.a.) Xeybər döyüşündə iştirak etmiş və bu iştirakına görə ona da müharibə qənimətlərdən pay ayrılmışdı.

Uhud döyüşündə Həzrət Safiyyə
Uhud döyüşündən dərhal sonra şəhid xəbərləri Həzrət Safiyyəyə (r.anha) də gəlib çatmışdı. O, döyüşdən dərhal sonra şəhidlərin, xüsusilə də, qardaşı Həzrət Həmzənin (r.a.) cəsədinin olduğu yerə gedirdi. Allah Rəsulu (s.ə.s.) bir qadının o mənzərəni, yaxınlarının parçalanmış, tikə-tikə edilmiş cəsədlərini görməsini istəmirdi. Çünki bir qadın o mənzərəyə tab gətirə bilməzdi. Buna görə Rəsulullah (s.ə.s.) Həzrət Safiyyəyə (r.anhə) mane olmaq üçün oğlu Zubeyrə səsləndi. Lakin Safiyyə (r.anha) qardaşı Həmzəyə (r.a.) edilənlərdən xəbəri olduğunu və buna Allah rizası üçün səbir edəcəyini bildirdi. Bundan sonra Rəsulullah (s.ə.s.) ona Həmzənin cəsədinin yanına getməsinə icazə verdi. O, cəsədin məkkəlilər tərəfindən parçalandığını görsə də, mətanətini qorudu. Əllərini açaraq dua etdi və oradan ayrıldı.

Peyğəmbər (s.ə.s.) ailəsinə xas olan cəsarət nümunələrinə Həzrət Həmzə (r.a.) və Həzrət Əlidə (r.a.) rast gəldiyimiz kimi, eyni nümunələri Həzrət Safiyyədə (r.anha) də görürük. Həmçinin, Həzrət Safiyyənin (r.anha) cəsarətinin və liderlik qabiliyyətinin oğlu Zübeyr ibn Əvvamda (r.a.) və nəvəsi Abdullah ibn Zübeyrdə (r.a.) də davam etdiyini İslam tarixindən görmək olar.

"Yaşlı qadınlar cənnətə girməyəcək"...
Allah Rəsulunun (s.ə.s.) bibisinə olan yaxınlıq və sevgisini, Həzrət Safiyyənin (r.anha) isə səmimiliyini və təmiz qəlbliliyini göstərən bir sıra rəvayətlər var. Bir gün Həzrət Safiyyə (r.anha) Allah Rəsulundan (s.ə.s.) cənnətə girməsi üçün dua etməsini istədi. Rəsulullah (s.ə.s.) da qocaların cənnətə girməyəcəyini dedi. Bu zaman Həzrət Safiyyə (r.a.) kədərlənib ağladı və oradan ayrılaraq evinə getdi. Axı o da artıq yaşlı bir qadın idi. Həzrət Safiyyənin (r.anha) halından bir müddət sonra xəbər tutan Allah Rəsulu (s.ə.s.) məsələnin əsl mahiyyətini belə açıqladı: "Sən Quranın bu ayəsini oxumadınmı: "Həqiqətən, Biz qadınları yenidən başqa bir gözəllikdə yaradacağıq. Biz onları bakirə qızlar edəcəyik" (Vaqiə, 56/35-36). Mən yaşlı və qocaların cənnətə girə bilməyəcəklərini deyəndə, yaşlı və qoca vəziyyətləri ilə cənnətə girə bilməyəcəklərini nəzərdə tuturdum". Həzrət Safiyyə (r.anha) bu sözdən çox sevindi və gülməyə başladı. Həzrət Peyğəmbərin (s.ə.s.) zarafatlarından biri kimi xatırlanan bu sevindirici xəbər dolayı yolla Həzrət Safiyyənin (r.anha) cənnətə girəcəyini müjdə verirdi.

O, dövrün tanınan şairlərindən biri idi
Həzrət Safiyyə binti Əbdulmuttəlib (r.anha) dövrün tanınan şair qadınlarından biri idi. Onun digər bacıları da şair və natiqlik qabiliyyətləri ilə tanınırdılar. Həzrət Safiyyənin (r.anha) günümüzə qədər də gəlib çatan şeirləri mükəmməl, mərsiyələri də çox təsirlidir. Onun şeirləri təfsir elmində dəlil kimi istifadə edilmişdir. Allah Rəsulunu (s.ə.s.) mədh edən şeirləri ilə yanaşı, həm qardaşı Həzrət Həmzənin (r.a.), həm də Həzrət Peyğəmbərimizin (s.ə.s.) vəfatına görə söylədiyi mərsiyələri var. O bu mərsiyələrdə nübüvvət evinə mənsub bir şəxs kimi Allah Rəsulunun (s.ə.s.) vəfatından sonra keçirdiyi hissləri dilə gətirmiş, fitnə-fəsadın baş verə biləcəyindən qorxduğunu bildirmişdi. Bu da onun həm də nə qədər uzaqgörən bir xanım olduğunu göstərir.

Vəfat xəbərinin gəldiyi gün...
Həzrət Safiyyə (r.anha) Rəsulullahın (s.ə.s.) vəfat etdiyi gün Mədinə küçələrində yaşanan çaşqınlığı mərsiyəsində dilə gətirir. O, Allah Rəsulunun (s.ə.s.) vəfat xəbərini eşidərək evindən təlaşla çıxır, səhabələrin, Mədinə əhlinin yaşadığı çaşqınlığın şahidi olur. Şair xalatının ətəyindən yapışaraq əlini yelləyir, hüzn və kədərlə bu beytləri oxuyur: "Ya Rəsulallah! Səndən sonra xəbərlər yayıldı, qarışıqlıq meydana gəldi. Halbuki sən sağ qalsaydın və baş verənlərin şahidi olsaydın, bütün bunlar baş verməzdi. Həqiqətən, biz səni itirdik, qövmün sahibsiz qaldı. Torpaq yağış suyuna möhtac olduğu kimi, biz də sənə möhtac idik".

O gün üçün bu mərsiyə Allah Rəsulunun (s.ə.s.) vəfatından sonra qəlblərdə yaşanan hüzn və kədərin səhabələr tərəfindən şeir halında ifadəsi idi. Bir də şeirin mədhiyyə növü var ki, Həzrət Peyğəmbərin (s.ə.s.) vəfatından sonrakı dövrlərdə yaşayan şairlər də bu üslubdan istifadə etmiş və əsrlər boyu Allah Rəsulunu (s.ə.s.) mədh edən əsərlər qələmə almışlar.

Həzrət Safiyyə (r.anha) Peyğəmbərimizin (s.ə.s.) vəfatından 10 il sonra, hicri 20-ci ildə Həzrət Ömərin xilafəti dövründə 73 yaşında Mədinədə vəfat etdi. Cənazə namazını isə Həzrət Ömər (r.a.) qıldırdı. Qəbri Baqi qəbiristanlığındadır.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top