Rusiya ordusu Qara dənizdəki Ukrayna limanına doğru hərəkət edən yük gəmisinə xəbərdarlıq atəşi açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Vasili Bıkov” patrul gəmisi Qara dənizin cənub-qərbində Palau bayraqlı “Şükrü Okan” quru yük gəmisini aşkar edib:
“Gəmi Ukraynanın İzmail limanına doğru hərəkət edib. Yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlamanın dayandırılması tələbinə cavab verməyib. Rusiya hərbi gəmisi gəmini zorla dayandırmaq üçün avtomatik kiçik silahla xəbərdarlıq atəşi açıb.
Rusiya əsgərlərini daşıyan “Ka-29” tipli helikopter gəminin yoxlanılması üçün havaya qalxıb. Radio danışıqlarından sonra gəmi dayanıb və yoxlama qrupu quru yük gəmisinə minib. Yoxlama qrupunun işləri tamamlandıqdan sonra “Şükrü Okan” gəmisi İzmail limanına doğru yoluna davam edib”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi açıqlamada Ukrayna limanlarına gedən bütün gəmilərin “potensial hərbi yükdaşıyıcı” kimi qəbul ediləcəyi bildirilib.