
"Sabah"ın Azərbaycan Premyer Liqasının II turunda "Sumqayıt"a qarşı keçirməli olduğu oyun təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında məlumat verilib. Məlumata görə, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Peşəkar Futbol Liqasına və “Sumqayıt” klubuna müraciət edib və Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
“Sabah” klubunun rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən qurum ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq, 13 avqust tarixinə nəzərdə tutulan “Sumqayıt” - “Sabah” oyununu təxirə salıb.
Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək. Komandaların əvəzedicilərinin oyunları isə qüvvədə qalacaq.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.