Avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikası ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Nazir Ceyhun Bayramov, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Səfir Eqidius Navikas səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətin COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunmasının məmnunluq doğurduğu bildirilib. Xüsusilə, iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadiyyat, energetika, nəqliyyat və bağlantılar sahələrində də əlaqələrin inkişafına təkan verməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.