Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) sədri, Nigeriya prezidenti Bola Tinubu qonşu Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla təmaslara hazır olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə ikinci ECOWAS sammitindən sonra danışıb.
"Biz mümkün qədər tez demokratiyaya qayıdışı təmin etmək üçün dövlət çevrilişinin liderləri də daxil olmaqla, maraqlı tərəflərlə əlaqə saxlamağa davam edəcəyik", - deyə prezident vəziyyətlə bildirib.
Daha əvvəl mətbuat tərəfindən Nigerə müdaxilənin əsas dəstəkçisi kimi göstərilən Tinubu Nigerdə konstitusiya idarəçiliyinə qayıtmaq üçün diplomatik danışıqlara və dialoqa yüksək prioritet verməyə çağırıb.
O bildirib ki, Nigerdəki vəziyyət bütün regionun sabitliyini və təhlükəsizliyini təhdid edir:
"Bu böhran bütün Afrika qitəsini əhatə edir və konstitusiya quruluşuna qayıtmaq üçün dialoqa üstünlük vermək vacibdir".
Qeyd edək ki, iyulun sonlarında Niger Prezident Qvardiyasının hərbi qrupu qiyam qaldıraraq Prezident Məhəmməd Bazumu istefaya göndərdiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb.
Bazum hələ də iqamətgahında həbs şəraitində saxlanılır.