
“Sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur. Siz insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış daha milyon azərbaycanlının hüquqlarını və acınacaqlı vəziyyətini heç vaxt qaldırmamısınız”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə “Forbes”də Laçın dəhlizi ilə bağlı məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə cavab xarakterli yazıb.
O bildirib ki, Azərbaycan 30 ildir ki, Ermənistanın dağıdıcı hərbi işğalından əziyyət çəkir:
“Ermənistanın işğal etdiyi ərazilərdə basdırdığı milyonlarla mina nəticəsində Azərbaycanın mülki əhalisi hər gün mina terrorunun qurbanına çevrilir. Laçın yolu Ermənistan tərəfindən minaların və hərbi texnika/personalın qanunsuz dövriyyəsi üçün istifadə olunur. Amma siz bütün bunlara qarşı susdunuz. Məqalənizdə Azərbaycanın Ağdam-Xankəndi yolunun Laçın yolu ilə açılması təklifi yoxdur. Ermənistanın himayə etdiyi marionetist rejim Qarabağ bölgəmizin erməni sakinlərini girov saxlayır.
İnsan hüquqları müdafiəçisi kimi nəcib status neytral, siyasi manipulyasiyalardan uzaq, obyektivlik və ədalətli olmağı tələb edir. Təəssüf edirəm ki, sizin “Forbes” məqalənizdə bu üstünlükləri müşahidə etməmişəm. “Forbes”in birtərəfli təbliğat üçün platforma təqdim etdiyinə də təəssüflənirəm”.