İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə avqustun 3-də vəkil Zibeydə Sadıqova Toplum TV-yə açıqlama verib.
Vəkil bildirib ki, Afiəddin Məmmədov avqustun 1-də həbs olunan zaman Yasamal rayonu 26-cı polis bölməsinə aparılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci maddəsi (qanuni tələblərə qəsdən tabe olmamağa görə) əsasında 30 sutka həbs cəzası veriblər.
Vəkil həmçinin qeyd edib ki, ictimai fəalı daha sonra Xətai rayon İcra və probasiya şöbəsinə aparıblar və burada ona İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) əsasında cərimə təyin olunub.
"Məlumat yayılmışdı ki, Afiəddin Məmmədov Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır, yalan məlumat olub. Ümumiyyətlə ora aparmayıblar", - deyə Sadıqova qeyd edib.
Vəkilin sözlərinə görə, ictimai fəal şərləndiyini irəli sürərək aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb. Onun Bakıda kuryerlərin təşkil etdiyi etiraz aksiyasından sonra saxlanıldığı bildirilir.
Fəal daha öncə ötən ilin noyabrın 11-də saxlanılıb, o, polisə müqavimətdə ittiham olunaraq 30 sutka həbs cəzası almışdı. Bu il fevralın 23-də isə ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə xətada ittiham olunaraq növbəti dəfə 30 sutka həbs cəzası almışdı.