29 iyul tarixində BQXK əməkdaşları, eyni gündə saxlanılan erməni əsilli şəxsə baş çəkiblər. Həmin şəxsə ailəsi ilə əlaqə üçün şərait yaradılıb.
Yeniavaz.com xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Qeyd edək ki, 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxs Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda qeyd edilir ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.