"Ermənistan bu addımı ilə müharibə cinayətlərinə bəraət qazandırır" - XİN


“Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tvitter hesabında yazıb.
 O bildirib ki, Azərbaycanın müharibə cinayətkarına qarşı atdığı addımlar beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanır:
“Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.
Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil”.
Qeyd edək ki, 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçaturyan adlı şəxs Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilib. Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda qeyd edilir ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top