
Ötən gün Goranboyda güclü külək fəsadlar törədib.
Yeniavaz.com xəbər verir ki, rayonun bir neçə ərazisində ağaclar aşıb, kəndlərə enerji verilişi dayanıb.
Axşam saatlarında güclənən təbiət hadisəsi zamanı Borsunlu kəndi ərazisində yerləşən körpünün üzərindəki elektrik dirəyi küləyə tab gətirməyərək aşıb. Goranboy-Tərtər yolunun Qızılıhacılı qəsəbəsindən keçən hissəsində isə nəhəng Qovaq ağacının bir hissəsi adıçəkilən yola düşüb. Təbiət hadisəsi zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərin gediş-gəlişində bir müddət çətinlik yaranıb. Aidiyyəti qurumlar tərəfindən iri gövdəli ağac yoldan götürülüb.
Axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboyun Boluslu, Məşədiqaralar, Eyvazlılar, Balakürd kəndlərində, Qızılhacılı və Goran qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Adıçəkilən kəndlərin sakinləri gecəni qaranlıqda keçirməli olublar. Küləkli hava şəraiti rayon ərazində səhər saatlarına qədər müşahidə olunub.




Esmira Hidayətova, Goranboy