Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində hava şəraitinin güclü küləklə müşahidə olunan dəyişməsi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
"Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər", - müraciətdə deyilir.