"100 anadan 48-i əsassız olaraq körpəsinə süd verməkdən imtina edir"


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin həkim-neonatoloqu Sevda Ələkbərova Yeniavaz.com-a ana südünün faydalarından danışıb. 
Həkim-neonatoloq ana südünün həyati əhəmiyyətli faydalarından danışaraq, zülalların, karbohidratların, mineralların, vitaminlərin, yağların, bir sözlə körpənin ehtiyacı olan bütün qida elementlərini ehtiva edən ana südünün təbiətin ən gözəl möcüzəsi olduğunu bildirib.
Xüsusilə həkim onu da qeyd edib ki, ilk 6 ayda kifayət qədər çəki alan körpəyə ana südündən başqa heç bir əlavə qidaya ehtiyac olmur:
"Ana südünün ən əhəmiyyətli təsirlərindən biri ana və körpə arasındakı bağı gücləndirməsidir. Bu səbəbdən də doğuşdan dərhal sonra körpə ana döşü ilə tanış olmalıdır. Körpə ana südü ilə qidalanmağa nə qədər erkən başlasa, ana südü də o qədər sürətlə gələcək". 
Həkim, "Süni qidadan istifadə hansı fəsadlara yol aça bilər?" sualına cavab olaraq bildirib ki, yeni doğulan körpə ana südünə möhtacdır:
"Onu dünyaya gətirən doğma ana bundan maksimum dərəcədə uzaqlaşmağa çalışır və inək südünün bazasında hazırlanan süni qidalara üstünlük verir. Bu da təbii olaraq müxtəlif xəstəliklər, xoşagəlməz hallar və problemlərlə qarşılaşmaya səbəb olur. Ana dərk etmir ki, nəticədə əziyyət çəkən özü olacaq. Bunu əslində heç kəs etməməlidir. Məlumdur ki, dünyaya uşaq gətirən 100 anadan 48-i əsassız olaraq körpəsinə süd verməkdən imtina edir. Bu paradoksal səbəbdir. Körpəyə süni qida verilməsinin heç bir məqsədəuyğunluğu yoxdur. Məcburiyyətdən ortaya çıxan məsələlər var. Ona görə biz deyirik ki, süni qidalar adaptasiya olunmuş, uyğunlaşdırılmış şəkildə verilsin. Ümumiyyətlə, uşağın süni qidaya keçirilməsi, ona hər hansı yeni qida təyin edilməsinə dair göstəriş həkim-pediatr tərəfindən aydınlaşdırılmalıdır. Hər ana tibb işçisi deyil ki, ağlı necə kəsir elə də etsin".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top