
Bəhreyn İsveç hökumətinin paytaxt Stokholmda Qurani-Kərimin yandırılmasına icazə verməsinə etiraz etmək üçün İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindalı Xarici İşlər Nazirliyinə çağırıb.
Yeniavaz.com xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, Nazirlik İsveç rəsmilərinin Stokholmda ekstremistlər tərəfindən polisin himayəsi altında Qurani-Kərimin yandırılmasına icazə verməsini qətiyyətlə pisləyib.
XİN Qurana təkrar hücumların müsəlmanların hisslərini oyatdığına işarə edərək, bu hərəkətlərin beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu vurğulayıb.
Nazirlik İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindala etiraz notasının təqdim olunduğunu açıqlayıb və İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməli olduğunu qeyd edib.
Qeyd edək ki, İraq əsilli Salvan Momika iyunun 28-i – Qurban bayramının ilk günü İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quranı yandırıb. Momika iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz