NATO-Ukrayna Şurası taxılın daşınması ilə bağlı toplanır


NATO-Ukrayna Şurası Ukrayna taxılının Qara dənizdən daşınması məsələsini müzakirə etmək üçün Ukrayna prezidenti Volodimir Zelenskinin çağırışı ilə toplanacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində yaradılan və sammit çərçivəsində ilk iclasını keçirən Şura ikinci dəfə toplaşacaq.
NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, baş katib Yens Stoltenberq və Ukrayna prezidenti Zelenski dünən danışıb və Rusiyanın Qara dəniz taxıl sazişindən birtərəfli qaydada çıxmasını müzakirə ediblər.
Lunqesku bəyan edib ki, Zelenskinin xahişi ilə Stoltenberq 26 iyulda səfirlər səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq.
Şura Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılması məsələsini müzakirə edəcək.
Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.
Kreml ötən həftə müddəti bitmiş Qara Dəniz Taxıl Dəhlizi Sazişinin faktiki olaraq sona çatdığını, razılaşmanın Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini, müvafiq şərtlər tətbiq edildikdə Rusiyanın taxıl müqaviləsinə qayıdacağını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top