Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Hadisə ilə əlaqədar DYP də məlumat yayıb.
"Bu gün saat 11:10 radələrində paytaxtın Xəzər rayonunda Dübəndi-Zirə yolunun 23-cü kilometrliyində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Toyota Prius” markalı, 77-KD-762 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü şlaqbaumsuz dəmir yolu keçindindən keçərkən qatarla toqquşub. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişini xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
***12:55
Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.