
Məlum olduğu kimi, ötən ilin sonundan etibarən başlayan və bu ilin yanvar ayında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumla daha da gərginləşən İran-Azərbaycan münasibətlərində son zamanlar xoş niyyətli yaxınlaşma müşahidə olunur.
Diqqət etmisinizsə, əvvəlki dövrlərdən fərqli olaraq son bir ayda həm İran, həm də Azərbaycan tərəfdən qarşılıqlı ittihamlar demək olar ki, səsləndirilmir.
Əksinə, hər iki ölkənin rəsmi şəxsləri əməkdaşlıq haqqında bəyanatlar səsləndirirlər.
Məsələn, 3 gün əvvəl – 9 iyul tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, İran qonşu ölkədir və Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub.
Ceyhun Bayramov bildirib ki, son zamanlar tərəflər arasında gərginlik olub:
"Bunun ciddi səbəbləri var. İranın xarici işlər nazirinin səfərini müsbət qiymətləndiririk. Səfər zamanı münasibətləri açıq müzakirə etmək imkanı oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq".
Bənzər açıqlamanı bundan bir gün sonra – 10 iyul tarixində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani də verib.
Nasir Kanani deyib ki, İran-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunur: “Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə səmərəli görüşləri olub. İran Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunmasına çox ciddi zəmanət verir. İran diplomatik korpusun təhlükəsizliyi ilə bağlı öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edir. Azərbaycan səfirliyi maksimum dərəcədə mühafizə olunacaq və biz ümid edirik ki, səfirliyin açılışını yaxın gələcəkdə görəcəyik”.
Rəsmi şəxslərlə bərabər hər iki ölkənin mətbuatında da tənqidi yazıların sayı kəskin azalıb. Azərbaycan mətbuatında İrana qarşı çox sərt yazılar yayımlanırdı. Son bir ayda demək olar bu cür yazılara rast gəlinmir, ya da çox nadir hallarda belə yazılar görmək olar.
Eyni zamanda Azərbaycanda İrana bağlılıqda şübhəli bilinərək həbs olunma halları da son zamanlar demək olar ki, qeydə alınmayıb. Bu ilin ilk 5 ayı ərzində DTX və DİN İrana bağlı olduqları bildirilən 500-ə yaxın şəxsi həbs edib. Lakin, son bir ayda bu cür həbslər demək olar ki, olmayıb.
Bir neçə gün əvvəl İsrail səfirliyinə qarşı terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin İrana bağlı olması haqqında İsrail rəsmi məlumat yaysa da, DTX və Azərbaycan mətbuatı bu barədə məlumat açıqlamayıb.
İsrailin xarici işlər naziri Eli Kohen açıq şəkildə deyib ki, İsrailin Azərbaycandakı səfirliyinə qarşısı alınmış terror hücumuna görə İran məsuliyyət daşıyır.
Ancaq qeyd etdiyimiz kimi, Azərbaycan nəinki terror aktı hazırlığının arxasında İranın dayandığını, hətta terror aktının İsrail səfirliyinə qarşı ediləcəyini belə açıqlamayıb. Yayılan rəsmi məlumatda ad çəkilməyib, yalnız “üçüncü ölkənin səfirliyi” ifadəsinə yer verilib.
Azərbaycanın terror aktına hazırlığa görə İranın adını çəkməməsi onu göstərir ki, Azərbaycan İranla münasibətləri normallaşdırmaq istəyir. Bu ilin mart ayında millət vəkili Fazil Mustafaya qarşı terror aktı törədiləndə Azərbaycan rəsmi şəkidə bunun arxasında İranın dayandığını açıqlamışdı. Amma bu dəfə (İsrail səfirliyinə qarşı terror) İranın adı çəkilmir.
Bəs görəsən, İranla Azərbaycan arasında yaşanan gərginliyin birdən-birə ortadan qalxmasına nə səbəb oldu?
Bildiyimiz kimi, İranla Azərbaycan arasında gərginliyin başladığı ilk günlərdən Azərbaycanda səsləndirilən əsas şüarlar İranda yaşayan azərbaycanlıların məsələsiylə bağlı olub. Hətta bu məsələ Prezident İlham Əliyev tərəfindən də açıq şəkildə dilə gətirilib.
Lakin belə görünür ki, İranda yaşayan azərbaycanlılarla bağlı görülən işlərdə Azərbaycan başqa ölkələrdən, xüsusilə də İsraildən lazımi dəstək ala bilməyib.
Xatırlayırsınızsa, bu ilin aprel ayında İsrail parlamentinin 30-dan çox deputatı hökumətə müraciət edərək İranda yaşayan azərbaycanlıların müstəqillik hərəkatına dəstək vermələrini istəyib. Lakin, İsrailin kəşfiyyat naziri Gila Gamlielin bu müraciəti imzalayan deputatlarla görüşüb və onlardan bu müraciətdən imtina etmələrini istəyib. Bu görüşdən sonra deputatlar təkliflərindən geri çəkiliblər. Eyni zamanda sonuncu İran şahının oğlu Rza Pəhləvi İsrailə səfər edərək bu ölkədə dövlət rəsmiləriylə görüşüb. Rza Pəhləvi özünü şahın varisi hesab edir və İranda hakimiyyətə iddialı şəxsdir. O da azərbaycanlılara münasibətdə indiki İran hakimiyyəti ilə oxşar mövqeyə sahibdir.
İran-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiyanın da təsiri inkar olunmazdır. Bu ilin may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzaladılar. Həmin sazişin imzalanma mərasimində Rusiya Prezidenti Putin bildirdi ki, bu layihənin (Şimal-Cənub nəqliyyat dəhlizi) icrasında Azərbaycanın xüsusi yeri var.
Rusiya hesab edir ki, Azərbaycan bu layihədə mütləq iştirak etməlidir. Bu səbəbdən də Rusiyanın bu mövqeyi İran-Azərbaycan münasibətlərinin normallaşmasına səbəb olub.
Ehtimal etmək olar ki, yaxın zamanlarda Tehranda Azərbaycan səfirliyi öz fəaliyyətini bərpa edəcək və iki ölkə arasındakı gərginlik daha da azalacaq.
Allahverdi Aydın
Tətbiqimizi yükləyə bilərsiniz