Bu il ölkədə 219 milyonluq narkotik dövriyyədən çıxarılıb - Statistik rəqəmlər


2023-cü ilin yanvar-iyun ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 4 ton 623 kq 028,027 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min AZN kimi qiymətləndirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaydığı sonuncu məlumatda deyilir.
“Təhlil göstərir ki, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 103, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 175, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 186 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 204 kq 707,107 artmışdır. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 27, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 40, qrup halında olan cinayətlərin sayı isə 31 fakt azalmışdır”, - məlumatda deyilir.
Bildirilib ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilib:
“Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir”.

DİGƏR XƏBƏRLƏR

Top