
27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər:
“Nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər”.
ABŞ-ın dövlət katibi Antoni Blinken də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində tərəflərə təşəkkür edib və danışıqlar prosesində tərəqqi əldə olunduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz