“İmkan verin, heç olmasa, təyyarə ilə gedən quru sərhədlə qayıda bilsin”


“Quru sərhədləri acığa düşüb, heç bir izah etmədən qapalı saxlayırlar, məsələnin “pandemiya” və “karantinlə” əlaqəsinin olmadığını artıq hamı bilir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli ölkədə xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına münasibət bildirərkən özünün sosial şəbəkə hesabında yazıb.
“Qeyri-rəsmi “təhlükəsizliklə” izah etməyə çalışan hökumət üzvləri, deputatlar var – yaxşı, tutalım siz deyəndir, bəs bunun Azərbaycanın öz vətəndaşlarına nə aidiyyəti var?! Xub, ölkədən sərhədi açmırsınız, bəs ölkəyə niyə qapadırsınız?! Məsələn, Azərbaycana təyyarə ilə gələn Gürcüstan və Rusiya vətəndaşlarını quru sərhəddən öz ölkələrinə keçməyə mane olmurlar, ola da bilməzlər, başqa ölkənin vətəndaşını öz ölkəsinə buraxmasan bu ciddi beynəlxalq skandal olar. Yaxşı, bizim vətəndaş təyyarə ilə gedir Gürcüstana, geri qayıdanda öz ölkəsi onu quru sərhəddən niyə buraxmasın ki?! Bilirik, anlayırıq, bu hökumət bizi vətəndaş gözündə görmür, bizə borcu yoxdur, çünki biz seçməmişik bunları, seçməyə də imkan vermirlər, amma elementar məntiq və hüquq var – Dövlət öz vətəndaşını necə ölkəyə buraxmaya bilər ki?! Bunun “təxribat”, və ya “təhlükəsizliklə” nə əlaqəsi var?!
Heç olmasa, imkan verin təyyarə ilə ölkədən gedən quru sərhədlərdən keçib öz ölkəmizə gələ bilsin, insafınız olsun, bu qədər saymamazlıq olmaz axı…”, - N.Cəfərli bildirib.
Xatırladaq ki, iyunun 23-də Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top