"Vaqnerçilər" tezliklə yeni prezidentlərinin olacağını deyirlər


“Vaqner” PMC-yə məxsus olduğu bildirilən Teleqram kanallarından birində Rusiya Prezidenti Valdimir Putinin müraciətinə reaksiya verilib.
Yeniavaz.com
xəbər verir ki, yüzminlərlə izləyicisi olan və “Vaqner” PMC-nin nəzarətində fəaliyyət göstərən “AP Wagner” Teleqram kanlında Putinin vətəndaş müharibəsinin tətiyini çəkdiyi yazılıb.
“Onun üçün daha pis olacaq. Tezliklə yeni prezidentimiz olacaq. O, bir-iki generalı təqaüdə göndərmək əvəzinə, Rusiyada döyüşə ən hazır bölməni zərərsizləşdirmək əmrini verdi. Bir və ya iki satqının həyatı 25 min qəhrəmandan yuxarı qoyuldu. Bu münaqişədə kimin şər olduğu artıq bəllidir. Qələbə "Vaqner" PMC-nin olacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin "Vaqner" muzdlu hərbi təşkilatının son addımı xəyanət adlandırıb. O, xalqa müraciətində üsyan təşkilatçılarının buna görə cavab verəcəklərini deyib.
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.

DİGƏR XƏBƏRLƏR

Top