
"Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib".
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar:
"Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.
Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir".
Qeyd edək ki, sosial şəbəkələrdə Gədəbəy rayonunun Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında insidentin yaşandığını əks etdirən kadrlar yayılıb. Yayılan görüntülərdə polis əməkdaşlarından birinin ərazini tərk edən yaşlı qadının üzünə gözyaşardıcı qaz sıxdığı müşahidə olunur. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.