"Bəxtiyar Hacıyevin psixoloji yardıma ehtiyacı var. Hacıyev ombudsmandan ona psixoloji yardım edilməsi üçün mütəxəssis dəvət etməsini xahiş etdi. Bu gün mən Bəxtiyar Hacıyevin müraciətini Ombudsman Səbinə Əliyevaya çatdıracağam".
Yeniavaz.com xəbər verir ki, bu barədə "Turan"a vəkil Fəxrəddin Mehdiyev bildirib.
Vəkilin sözlərinə görə, son hadisələr Hacıyevdə ciddi psixoloji travmalar yaradıb:
"Bu səbəbdən də onunla dünən, iyunun 6-da özünün yaşadığı evdə, atasının, qardaşının, dostunun evlərində və avtomobilində istintaq orqanının apardığı axtarış-götürmə hərərkətləri ilə bağlı müzakirə aparmadım".
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.
Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.