"Mənzilə görə də zənglər olacaq və insanlar qorxudularaq sığorta ediləcək"


""Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşı olan xanım (özünü belə təqdim etdi) zəng vurub avtomobilin sığorta müddətinin bitməsini dedi. Xanıma sığorta vaxtının bitməsinə xeyli vaxt qaldığını bildirəndə xanım ənənəvi metoda keçib cərimələrlə qorxutmağa başladı. Dedi ki, əvvəllər kameraya düşmək ehtimalı yüksək deyildi, amma indi cərimələr sürücünün FİN-nə yüklənir və s. Açığı bir neçə dəfə soruşdum, amma heç nə başa düşmədim. Təbii ki, hüququ bildiyim üçün onun müştəriləri qorxutmaq hərəkətini tənqid etdim. Cavab belə oldu ki, bizi məcbur edirlər ki, sizə zəng vuraq. Çünki qanuna görə məcburidir sığorta. Əlbəttə xanıma sığortanın icbari olmasına rəğmən müştəriyə zəngin icbari olmadığını izah etməyə çalışsam da faydası olmadı və xanım bir bəhanə ilə sağollaşdı".
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, bundan öncəki günlərdə 2 analoji zəng olub və "ehtiyac yoxdur" cavabından sonra nümayəndələr təşəkkür edib sağollaşıblar:
"Yuxarıda qeyd etdiyim hadisə isə ilk və sonuncu deyil. Əgər sığorta barədə anlayışım olmasaydı xanımın zəngindən sonra iş-gücümü atıb maşını sığortalatmalı idim. Əminəm ki, bu tip psixoloji basqı və səhv məlumat verməklə xeyli insan aldadılır və onlarım qorxusu üzərində qazanc əldə edirlər. İşini ləyaqətlə yerinə yetirən xeyli sığorta agenti tanıyıram və belələri onların işinə daim kölgə salır.
Digər məsələ İcbari Sığorta Bürosunun (İSB) məlumat bazasına çıxışla bağlıdır. Maşın mənim özəl mülkiyyətimdir və İSB-yə kim haqq verir ki, mənim məlumatlarımı sığorta şirkətlərinə, sığorta şirkətləri isə kimə gəldi verir. Niyə bu məlumat bazası açıq olmalıdır və kimsə mənə zəng vurub sığorta barədə mənə məlumat verməlidir. Ola bilər maşınımı A şirkətində sığorta etmişəm. Bu halda niyə mənə A şirkəti yox, B, C və ya D şirkətinin işçiləri zəng vurmalıdır? Niyə mənim icazəm olmadan şəxsi mobil telefon nömrəm, maşınımın markası, nömrəsi kiminsə əlinin altında olmalıdır? Sabah da fərdi mənzilə görə analoji zənglər olacaq və insanlar qorxudularaq sığorta ediləcək.
Bütün bunlar həm vətəndaş olaraq Konstitusiya hüququmu, həm də istehlakçı hüquqlarımı pozur".

DİGƏR XƏBƏRLƏR

Top