Lirənin ucuzlaşması manatı da ucuzlaşdıra bilər? – Analiz


Türkiyənin milli valyutası lirənin dollar qarşısındakı məzənnəsi ən aşağı səviyyəyə düşüb. 
Yeniavaz.com
 xəbər verir ki, 1 dollar bu gün 23,1 lirəyə bərabər olub.
Azərbaycan manatı dollar qarşısında sabit qaldığı üçün lirə milli valyutamızın qarşısnda da kəskin ucuzlaşıb. Türkiyə lirəsinin məzənnəsi manat qarşısında da ən aşağı səviyyəyə düşüb.
Bu saata olan məlumata əsasən 1 manat 13,6 lirəyə bərabərdir. Təkcə son bir həftə ərzində lirə manat qarşısında 10%-dən, bir ay ərzində isə 17%-dən çox ucuzlaşıb.
Bildiyimiz kimi, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Gömrük Komitəsinin açıqladığı sonuncu məlumata görə, bu ilin ilk 4 ayı ərzində Türkiyə ilə ticarət dövriyyəmiz 2 milyard 586 milyon dollar olub. Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub. Ümumi ticarət dövriyyəsinin 14,5%-i Türkiyənin payına düşüb.
Bu ilin ilk 4 ayında Azərbaycan Türkiyəyə 1,8 milyard dollarlıq məhsul ixrac edib və yenə İtaliyadan sonra 2-ci olub. Türkiyədən isə 4 ayda 758 milyon dollarlıq məhsul idxal edərək Rusiya və Çindən sonra 3-cü olub.
Məlum məsələdir ki, məzənnə dəyişikliyi ilk növbədə ölkələr arasındakı ticarət dövriyyəsinə təsir edir. Azərbaycan Türkiyəyə daha çox neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi satıb. Bu məhsulların satışı əksər hallarda dollar ilə həyata keçirilir və bu səbəbdən lirənin ucuzlaşmasının Azərbaycanın ixracına ciddi təsiri gözlənilmir.
Türkiyədən idxal olunan məhsullar isə əksər hallarda daxili bazardan lirə ilə alınan məhsullardır. Belə olan halda manatın məzənnəsinin lirə qarşısında bahalanması Türkiyədən gətirilən məhsulların ucuzlaşması deməkdir. Məsələn, inflyasiyanı nəzərə almasaq bir ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan paltar üçün 8,8 manat ödəyirdiksə, bü gün eyni paltara 7,3 manat ödəyirik.
Belə vəziyyət manata qarşı az da olasa təzyiqlər yarada bilər. Türkiyədən idxalın əlverişli olması ölkə daxilində dollara tələbatı artıra bilər. İnsanlar Türkiyədən daha çox məhsul almaq üçün dollar alışını artıracaqlar. Amma, qeyd etdiyimiz kimi, bu tələbatın məzənnə dəyişikliyə səbəb olacaq səviyyəyə çatması gözlənilmir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top